Bakı,AzerVoice
Qlobal səhiyyə orqanları ABŞ prezidenti Donald Trampın dünyada 30 milyon insanın müalicəsini əhatə edən HİV əleyhinə proqramların maliyyəsini dondurmasından sonra həyəcan təbili çalır.
AzerVoice xəbər verir ki, bütün xarici yardımların dayandırılması aşağı və orta gəlirli ölkələrdə İİV (insan immun çatışmazlığı virusu) diaqnostikası, dərman preparatları və müalicəyə çıxışı risk altında qoyur ki, bu da sağlamlıq üçün ağır nəticələrə səbəb ola bilər.
"HİV proqramlarının maliyyələşdirilməsinin dayandırılması insanları dərhal artan xəstəlik və ölüm riski ilə üz-üzə qoya bilər və icmalarda və ölkələrdə bu yoluxmanın qarşısını almaq səylərini zəiflədə bilər",- deyə ÜST-ün bəyanatında deyilir.
2023-cü ilə olan məlumata görə, 39,9 milyon insan HİV-lə yaşayır, onların təxminən üçdə ikisi Sub-Sahara Afrikasındadır.
ABŞ-ın maliyyələşdirməsinin dondurulmasının ən böyük zərbəsi 26 milyondan çox insanın həyatını xilas edən AİDS-lə Mübarizə üzrə Prezidentin Fövqəladə Planına (PEPFAR) məruz qalacaq.
ABŞ hökumətinə görə, 2024-cü ildə proqram 55 ölkədə 20,6 milyon insana HİV-ə qarşı antiviral müalicə təmin edib.