BAKI, AzerVoice
Süveyş Kanalı Qırmızı dəniz bölgəsində naviqasiyanın tədricən bərpası üçün şərait uyğundur.
AzerVoice xəbər verir ki, bunu Kanal İdarəsinin sədri, general Osama Rabia bu gün deyib.
O qeyd edib ki, kanal tam gücü ilə işləməyə və müxtəlif naviqasiya xidmətlərini qəbul etməyə hazırdır.
İdarə sədrinin sözlərinə görə, hazırda Qırmızı dəniz bölgəsində sabitliyin bərpasına dair müsbət göstəricilər müşahidə olunur.
“Bu, naviqasiya cədvəllərinin tənzimlənməsi və dəniz nəqliyyatının tədricən normal vəziyyətinə qayıtması üçün icra tədbirlərinin görülməsinə imkan yaradır”-deyə o bildirib.
General Rabia həmçinin Süveyş kanalının əsas beynəlxalq gəmiçilik xətləri üçün tam xidmət göstərməyə hazır olduğunu bildirib. Bununla yanaşı, gəmiçilik və dənizçilik şirkətlərinin təhlükəsizliklə bağlı narahatlıqlarını başa düşdüyünü və gəmi heyətlərinin təhlükəsizliyinə diqqət yetirildiyini ifadə edib.
Xatırladaq ki, İranın dəstəklədiyi husilər 2023-cü ilin noyabr ayından etibarən Qırmızı dəniz, Ədən körfəzi və Hind okeanında gəmilərə hücum edirlər. Onlar bu hücumları Qəzzadakı fələstinlilərə dəstək vermək və İsraillə, eləcə də ABŞ və Böyük Britaniya ilə əlaqəli gəmilərin hərəkətini məhdudlaşdırmaq məqsədi ilə həyata keçirdiklərini iddia edirlər.