Əsas səhifə » Avstraliyanın Viktoriya ştatında meşə yanğınları nəzarətdən çıxıb

Avstraliyanın Viktoriya ştatında meşə yanğınları nəzarətdən çıxıb

Bakı. AzerVoice

Avstraliyanın Viktoriya əyalətində nəzarət altına alınmayan meşə yanğınları nəticəsində 65 min hektar ərazi külə çevrilib.

AzerVoice xəbər verir ki, yanğın ştatın Kiçik Səhra Milli Parkında ildırım çaxması nəticəsində başlayıb.

Məlumata görə, güclü külək səbəbindən yanğın sürətlə yayılıb və son 24 saat ərzində 40 kilometrdən çox ərazini əhatə edib. Yanğınsöndürmə qrupları bölgədə yüksək temperatur şəraitində yanğını nəzarət altına almaq üçün böyük çətinliklərlə üzləşir.

Rəsmilər, yanğınsöndürmə işlərinin davam etdiyini, lakin hazırda yanğının nəzarət altına alınmadığını bildiriblər. Bölgə sakinlərinə təxliyyə olunmaları ilə bağlı xəbərdarlıq edilib. Avstraliya Meteorologiya Bürosu (BOM) əyalətdə temperaturun 40 dərəcəyə çatacağını proqnozlaşdırıb və bunun vəziyyəti daha da ağırlaşdıracağını vurğulayıb.

Xatırladaq ki, Avstraliyada 2019-cu ilin sentyabr ayında başlayan və 6 ay davam edən meşə yanğınları ölkə tarixinin ən dağıdıcı yanğınları kimi yadda qalıb. Yeni Cənubi Uels, Kvinslend, Viktoriya və Cənubi Avstraliya ştatlarında baş verən həmin yanğınlarda 24 milyon hektar ərazi məhv olub, 479 nəfər həyatını itirib və minlərlə ev dağılıb. Bu fəlakət ölkə tarixinə “Qara Yay” kimi düşüb.

Digər Kateqoriyalar

2025 © Azervoice