Bakı,
AzerVoice
2014-cü ildən bəri Taylandda qeyri-insani şəraitdə saxlanılan
uyğurların taleyi hazırda beynəlxalq ictimaiyyətin diqqət
mərkəzindədir
AzerVoice xəbər verir ki, Tayland
polisi çərşənbə günü verdiyi açıqlamada, ölkədə saxlanılan 48 uyğur
müsəlmanını Çinə deportasiya etmək kimi bir planlarının olmadığını
bildirib.
Tayland Kral Polisinin rəsmisi Kittharath Punpetch bildirib ki, Tayland Krallığı bu məsələ ilə bağlı moderator kimi çıxış etməsə də, hər hansı bir səfirlik və ya təşkilatdan kömək tələb olunarsa, əməkdaşlıq etməyə hazırdırlar.
Son günlərdə bu məhbusların Çinə deportasiya edilməsinin qarşısını almaq üçün beynəlxalq təşkilatlar tərəfindən çağırışlar artıb. Çərşənbə axşamı BMT ekspertləri, uyğurların geri göndərildikləri təqdirdə işgəncə və ya qeyri-insani rəftar riski ilə üzləşəcəklərini bildirərək, Tayland hökumətini deportasiya planlarını dərhal dayandırmağa çağırıb.
Beynəlxalq insan hüquqları təşkilatı İnsani Yardım Vəqfi (İHH) isə Taylandın Baş naziri Paetongtarn Şinavatranı uyğurları dərhal azad etməyə və onların üçüncü bir ölkəyə təhlükəsiz keçidini təmin etməyə çağırıb.
Bu arada, Çin hökuməti məsələnin “iki suveren dövlət arasında məhkəmə əməkdaşlığı” ilə bağlı olduğunu bildirib. Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning, BMT ekspertlərini “BMT Nizamnaməsinə və xüsusi mexanizmlərin davranış qaydalarına riayət etməyə” çağırıb.
Qeyd edək ki, Çinin Sincan bölgəsində 10 milyondan çox uyğur yaşayır. Türk-müsəlman icması olan uyğurlar Çini uzun müddətdir mədəni, dini və iqtisadi ayrı-seçkilikdə ittiham edirlər, Pekin isə bu iddiaları rədd edir.