Əsas səhifə » TikTok-u Microsoft şirkəti altında almaq üçün danışıqlar aparılır- Tramp

TikTok-u Microsoft şirkəti altında almaq üçün danışıqlar aparılır- Tramp

Bakı, AzerVoice

ABŞ prezidenti Donald Tramp texnologiya nəhəngi Microsoft şirkətinin Çin firması ByteDance-ə məxsus məşhur sosial media platforması TikTok-u almaq üçün danışıqlar apardığını təsdiqləyib.

AzerVoice xəbər verir ki, Tramp, TikTok-un satış mərhələsində çoxsaylı investorların və şirkətlərin maraq göstərdiyini, bu səbəbdən satışın tender prosesi ilə baş tuta biləcəyini bildirib.

Belə ki, Donald Trampın prezidentliyinin ilk günlərində imzaladığı sərəncam TikTok-un ABŞ-dakı fəaliyyətini məhdudlaşdırmaq üçün 75 günlük müddət təyin etmişdi. Əgər bu müddət ərzində TikTok bir Amerika şirkətinə satılmasa, tətbiqin ABŞ-da qadağan ediləcəyi nəzərdə tutulurdu.

Tramp TikTok-un tamamilə bağlanmasının tərəfdarı olmadığını, lakin məlumat təhlükəsizliyini təmin etmək üçün tətbiqin ən azı 50%-nin ABŞ şirkətinə məxsus olmasını tələb etdiyini vurğulayıb.

TikTok-un qadağan edilməsi ilə bağlı əsas səbəb ABŞ administrasiyasının məlumat təhlükəsizliyi ilə bağlı narahatlıqlarıdır. ByteDance-in Çin qanunlarına görə istifadəçi məlumatlarını dövlət orqanları ilə bölüşmək öhdəliyinin olması ABŞ üçün böyük risklər yaradır. Buna görə də, TikTok-un satışını həyata keçirmək, eyni zamanda bu təhlükəsizlik problemlərini həll etmək administrasiyanın prioritetlərindən biridir.

Microsoft-un TikTok-u satın alıb-almayacağı və bu danışıqların nəticəsinin nə olacağı hələlik qeyri-müəyyəndir. Tramp administrasiyası isə platformanın ABŞ-dakı fəaliyyətinin ya bir Amerika şirkətinə satılaraq davam etdiriləcəyini, ya da qadağan olunacağını bir daha bəyan edib.

Digər Kateqoriyalar

2025 © Azervoice