Əsas səhifə » ABŞ və Çin arasında sosial media müharibəsi TikTok ilə davam edir

ABŞ və Çin arasında sosial media müharibəsi TikTok ilə davam edir

Bakı, AzerVoice

Yanvarın 19-da qadağan edilib, eyni gün yenidən istifadəyə verilən Çin mənşəli TikTok, ABŞ-Çin texnologiya müharibəsinin mərkəzi mövzularından biri olaraq diqqət çəkməyə davam edir.

AzerVoice xəbər verir ki, ABŞ-da 170 milyondan çox istifadəçisi olan TikTok-un gələcəkdə yenidən bloklanıb-bloklanmayacağı sual altındadır.

ABŞ prezidenti Donald Tramp, TikTok-a qarşı əvvəlki qadağanı 75 gün təxirə salan sərəncam imzalayıb. Bununla belə, TikTok ilə bağlı davam edən qeyri-müəyyənlik amerikalıların digər Çin tətbiqlərinə, xüsusən də RedNote-a marağını artırıb.

ABŞ və Çin arasında texnologiya mübarizəsi Trampın prezidentliyi dövründə Huawei kimi şirkətlərə məhdudiyyətlər qoyulması ilə başlayıb. ABŞ, Çinə qabaqcıl çip istehsalı avadanlığı göndərilməsini məhdudlaşdıraraq Çin şirkətlərinə genişmiqyaslı sanksiyalar tətbiq edib.

Münaqişə, ABŞ prezidenti Co Baydenin dövründə də davam edib. 2022-ci ildə imzalanan "Çip və Elm Aktı" ABŞ-da yarımkeçirici istehsalını artırmaq üçün 52 milyard dollar birbaşa maliyyə təmin edib.

Qeyd edək ki, Çin də həmçinin ABŞ-ın Google, YouTube, WhatsApp, Instagram, X (əvvəlki Twitter) və Facebook kimi sosial media platformalarını bloklayır.

X platformasının sahibi Elon Musk, TikTok-un ABŞ-da bloklandığı gün etdiyi paylaşımda bu qadağanın ifadə azadlığına zidd olduğunu bildirib. Musk, "TikTok-un ABŞ-da fəaliyyətinə icazə verildiyi halda X-in Çində fəaliyyəti qadağan olunub. Bu, balanssız bir vəziyyətdir," deyə vurğulayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice