Bakı, AzerVoice
Baş Qərargah rəisi Herzi Halevi və Qəzzaya məsul Cənub Cəbhəsi komandanı Yaron Finkelman istefa verdiklərini elan etdikdən sonra İsraildə müxalifət Baş nazir Binyamin Netanyahu və hökuməti istefaya çağırıb.
AzerVoice xəbər verir ki, bu haqda İsrailin bir neçə müxalif partiyalarının liderləri öz paylaşımlarında bildirib.
"Baş Qərargah rəisinin istefasından sonra baş nazir və kabinetin digər üzvlərini məsuliyyəti öz üzərinə götürməyə çağırıram", - deyə Müxalifətdəki Evimiz İsrail Partiyasının lideri Aviqdor Liberman öz paylaşımında qeyd edib.
"Herziyə təşəkkür edirəm. Netanyahu, indi növbə sizdədir",- deyə İsrail Demokrat Partiyasının sədri Yair Qolan qeyd edib.
Milli Birlik Partiyasının lideri, İsrailin keçmiş baş qərargah rəisi Benni Qantz, Baş Qərargah rəisi Halevinin həm 7 oktyabr fəlakətinə səbəb olan hərbi uğursuzluqlara, həm də İsrail ordusunun uğurlu bərpasına görə məsuliyyət daşıdığını bildirib.
Qeyd edək ki, İsrail Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Baş Qərargah rəisinin istefa ərizəsini təqdim etdiyi müdafiə naziri Yisrael Katz Haleviyə xidmətlərinə və orduya verdiyi töhfələrə görə təşəkkür edib.