Əsas səhifə » ÜST ABŞ-ın çıxmaq qərarından təəssüfləndiyini bildirib

ÜST ABŞ-ın çıxmaq qərarından təəssüfləndiyini bildirib

Bakı, AzerVoice

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Tarik Jasareviç, ABŞ-ın ÜST-dən çıxmağı planlaşdırdığını elan etməsindən kədərləndiklərini bildirib.

AzerVoice xəbər verir ki, Jasareviç, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisinin həftəlik mətbuat konfransında ABŞ-ın geri çəkilmə qərarı ilə bağlı ÜST-nin mesajını paylaşıb.

“ÜST dünyadakı insanların, o cümlədən ABŞ əhalisinin sağlamlığının və təhlükəsizliyinin qorunmasında, fövqəladə sağlamlıq hallarına, xəstəliklərin qarşısının alınmasında və onlara reaksiya verilməsində mühüm rol oynayır”. - deyə o bildirib.

ABŞ-ın 1948-ci ildə ÜST-nin təsisçi üzvü olduğunu xatırladan Jasareviç, o vaxtdan bəri Birləşmiş Ştatların ÜST-nin işinin formalaşdırılmasına və idarə olunmasına, o cümlədən Ümumdünya Səhiyyə Assambleyası və İcraiyyə Şurasında fəal iştirakı ilə töhfə verdiyini, 193 digər üzv dövlətlə birlikdə qeyd edib.

"ÜST və ABŞ uzun müddətdir ki, saysız-hesabsız insan həyatını xilas edib və amerikalıları və başqalarını sağlamlıq təhlükələrindən qoruyub. Biz birlikdə çiçək xəstəliyinə son qoyduq və ABŞ agentlikləri ÜST üzvlüyünə töhfə verərək bundan faydalandı", - deyə Jasareviç əlavə edib.

Jasareviç, ABŞ-ın bu qərarı yenidən nəzərdən keçirəcəyinə ümid etdiyini bildirib və əlavə edib: “Biz ABŞ və ÜST arasında bütün dünyada milyonlarla insanın sağlamlığı və rifahı naminə əməkdaşlığı davam etdirmək üçün konstruktiv dialoqa girməyi səbirsizliklə gözləyirik”.

Qeyd edək ki. ABŞ prezidenti Donald Tramp vəzifəsinin icrasına başladıqdan dərhal sonra ABŞ-ın BMT agentliyi olan ÜST-dən çıxmasını nəzərdə tutan prezident fərmanı imzalayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice