Bakı, AzerVoice
2024-cü il dekabrın 3-də ölkədə hərbi vəziyyət elan etməsi ilə əlaqədar prezidentlikdən uzaqlaşdırılan və yanvarın 19-da həbs edilən Yoon Suk Yeolun impiçment üzrə məhkəmə prosesi bu gün Konstitusiya Məhkəməsində başlayıb.
AzerVoice xəbər verir ki, Yonhap xəbər
agentliyinin məlumatına görə, Yoon saxlandığı Seul təcridxanasından
dinləmənin keçirildiyi Konstitusiya Məhkəməsinə gətirilib.
O, yerli vaxtla saat 14:00-da məhkəməyə qatılaraq hərbi vəziyyətin
elan olunması ilə bağlı müdafiə çıxışı edəcək.
Bu arada, yüzlərlə Yoon tərəfdarı məhkəmə binasının qarşısına toplaşaraq, ona dəstək nümayişləri keçirir.
Xatırladaq ki, Konstitusiya Məhkəməsi 2024-cü il dekabrın 14-dən etibarən Yoonun işdən çıxarılması ilə bağlı işə baxır. Altı ay ərzində yekun qərar veriləcəyi gözlənilir. Əgər məhkəmə Yoonun prezidentlikdən tamamilə uzaqlaşdırılmasına qərar verərsə, Cənubi Koreyada 60 gün ərzində növbədənkənar prezident seçkiləri keçirilməlidir.
Yonhap qeyd edir ki, Yoon impiçment məhkəməsində iştirak edən ilk dövlət başçısıdır. Daha əvvəl impiçment prosesi ilə üzləşən keçmiş prezidentlər Roh Muhyun və Park Kın He dinləmələrə qatılmayıblar.
Qeyd edək ki, Yoon, hərbi vəziyyət elan etməsinin konstitusiyaya zidd olması ilə bağlı Milli Assambleyanın tələbi ilə vəzifəsindən uzaqlaşdırılıb. Yanvarın 15-də həbs edilən Yoon, "iğtişaşa rəhbərlik etmək" və "vəzifə səlahiyyətlərindən sui-istifadə" kimi ağır ittihamlarla üzləşir. İlk sorğu-sual zamanı o, ifadə verməkdən imtina edib.