Bakı, AzerVoice
Avropa Parlamentində keçirilən Baş Assambleyada Qəzzadakı humanitar
böhran və İsrailin hərəkətləri ilə bağlı ciddi müzakirələr
aparılıb.
AzerVoice xəbər verir ki, sessiyada
bir çox deputat, xüsusən İsrailin Baş Naziri Binyamin Netanyahunun
beynəlxalq məhkəmə qarşısında mühakimə olunmasına çağırıb.
Onlar İsrailin Fələstində həyata keçirdiyi hərbi əməliyyatları
insan haqları və beynəlxalq hüququn kobud şəkildə pozulması kimi
qiymətləndiriblər.
Polşalı deputat Qrzeqorz Braun Netanyahunu və onunla birlikdə
hərəkət edən şəxslərin məhkəmə qarşısına çıxarılmalı olduğunu və
cəzalandırılmalarını tələb edib.
Fransalı deputat Mounir Satouri isə son 15 ayda Qəzzada baş
verənlərə görə beynəlxalq hüquq çərçivəsində məsuliyyət tələb
edib.
İrlandiyalı deputat Lin Boylan isə Avropa İttifaqını (Aİ) bu münaqişədə təsirli bir mövqe tutmamaqda günahlandırıb. Boylan bildirib ki, Aİ, İsrailə qarşı sanksiyalar tətbiq etmədiyi üçün faktiki olaraq bu hərəkətlərdə şərikdir. O, həmçinin hərbi cinayətlərə görə məsuliyyətin Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən təmin edilməsinin vacibliyini vurğulayıb.
Bir çox deputat İsrailə qarşı beynəlxalq tədbirlərin görülməsini, o cümlədən silah embarqosu tətbiq edilməsini və İsraillə tərəfdaşlıq sazişlərinin dayandırılmasını tələb edib. Avropa Parlamentinin bir çox üzvü, beynəlxalq hüququn müdafiəsi üçün daha sərt və təsirli tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.