Əsas səhifə » Starmer Trampın andiçmə mərasimində iştirak etməyəcək

Starmer Trampın andiçmə mərasimində iştirak etməyəcək

Bakı, AzerVoice

Böyük Britaniyanın baş naziri Keir Starmer, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasiminə dəvət olunmayıb.

AzerVoice xəbər verir ki, bununla yanaşı, ifrat sağçı Britaniya İslahat Partiyasının lideri Naycel Faraj bazar ertəsi Vaşinqtonda keçiriləcək mərasimdə iştirak edəcək.

Starmerin sözçüsü isə, “ABŞ-da xarici hökumətlərin prezidentlik mərasimlərində adətən öz səfirləri tərəfindən rəsmi olaraq təmsil olunması ənənədir.” - deyə düzəliş edib.

O əlavə edib ki, mərasimdə Böyük Britaniyanı ölkənin ABŞ-dakı səfiri Karen Pirs təmsil edəcək. Sözçü həmçinin qeyd edib ki, baş nazir Starmer prezident Trampı seçilməsi münasibətilə təbrik edib v'ə onlar bu ay telefonda danışaraq mümkün qədər tez görüşməyə razılaşıblar.

Qeyd edək ki, ABŞ prezidentinin andiçmə mərasimlərinə xarici dövlət və ya hökumət başçıları adətən dəvət edilmir. Ancaq Donald Tramp bu ənənəni pozaraq İtaliyanın baş naziri Giorgia Melonini dəvət edib. Eyni zamanda, Avropa Komissiyasının sədri Ursula von der Leyen və Fransa prezidenti Emmanuel Makron mərasimə dəvət edilməyib.

Bu arada, Britaniyanın immiqrasiya əleyhinə çıxış edən İslahat Partiyasının lideri Naycel Faraj tədbirdə iştirak edəcəyini daha əvvəl elan etmişdi. Onunla yanaşı, Fransa siyasətçiləri Erik Zemmur və Marion Mariçal, eləcə də Almaniya üçün Alternativ (AfD) partiyasının lideri Tino Çrupalla kimi digər Avropa ifrat sağçı siyasətçilər də mərasimdə iştirak edəcəklərini bildiriblər.

Digər Kateqoriyalar

2025 © Azervoice