Bakı, AzerVoice
İsrailin milli təhlükəsizlik naziri İtmar Ben Qvir bəyan edib ki, Qəzzada atəşkəs razılaşması həyata keçirilsə, o, Benyamin Netanyahu rəhbərliyindəki hökumət koalisiyasından istefa verəcək.
AzerVoice xəbər verir ki, İsrail mediası isə Netanyahunun maliyyə naziri Betsalel Smotriçi hökumətdən çəkilməməyə inandırmaq üçün görüş keçirəcəyini bildirib.
Ben Qvir, eyni zamanda ifrat sağçı "Otzma Yehudit" partiyasının lideri, razılaşmanın təsdiqlənəcəyi təqdirdə özü və partiyasının Knessetdən istefa edəcəyini açıqlayıb.
O bildirib ki, bu razılaşma Qəzzaya qarşı müharibənin gətirdiyi nailiyyətləri yox edəcək.
O, həmçinin, Qəzzaya humanitar yardımların tamamilə dayandırılmasını tələb edib və bunun bölgədə saxlanılan girovların azad edilməsi üçün təzyiq vasitəsi kimi istifadə olunmasını istəyib.
"Times of Israel" qəzetinə görə, kiçik təhlükəsizlik kabineti və hökumət, Smotriç, eləcə də, Ben Qvir buna qarşı səs versələr belə, Qəzza razılaşmasını təsdiqləyəcək.
Hökumətin Smotriçi sakitləşdirmək üçün İordan çayının Qərb Sahilində terrorizmin məhv edilməsinə dair əlavə qərarlar qəbul edəcəyi və HƏMAS-a qarşı hərbi mübarizəni davam etdirəcəyini vurğulaması gözlənilir.
Müxalifət lideri Yair Lapid, Netanyahuya, Ben Qvir hökumətdən çıxdığı təqdirdə koalisiyanı qorumaq üçün "siyasi dəstək şəbəkəsi" təklif edib.
"Times of Israel" Lapidin Netanyahuyə belə dediyini yazıb:"Qəzzada atəşkəsin əldə olunması və girovların geri qaytarılması üçün əldə edilmiş razılaşma aramızdakı bütün mübahisələrdən daha önəmlidir."
"Haaretz" qəzetinin məlumatına görə, İsrail nümayəndə heyəti, cümə günü, razılaşmanın həyata keçirilməsinə hazırlıq üçün logistik koordinasiya məqsədilə Qahirəyə səfər edəcək.
Razılaşmanın detallarına dair:
İsrail və HƏMAS arasında Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə aparılan çətin danışıqlardan sonra Qəzzada atəşkəs və girovların dəyişdirilməsinə dair razılaşma çərşənbə günü elan edilib. Bu razılaşmanın bazar günü qüvvəyə minəcəyi gözlənilir.