Əsas səhifə » Ukraynada Vikinq texnologiyasına aid sirli qalıqlar tapılıb

Ukraynada Vikinq texnologiyasına aid sirli qalıqlar tapılıb

Bakı, AzerVoice

Ukraynada aşkar edilən orta əsr daş diskləri ilə bağlı yeni tədqiqatlar onların Vikinqlər tərəfindən istifadə edilən günəş kompasları ola biləcəyini irəli sürür.

AzerVoice xəbər verir ki , Polşanın Sprawozdania Archeologiczne jurnalında dərc edilən tədqiqatda bu disklərin 12-13-cü əsrlərə aid olduğu təsdiqlənib.

Disklər asanlıqla işlənən pirofillit mineralından hazırlanmış səkkiz unikal nümunəni əhatə edir. İlk olaraq tədqiqatçılar bu obyektlərin təqvim, cilalama daşları və ya zərgər alətləri kimi istifadə edildiyini düşünürdülər. Lakin səthdəki unikal xüsusiyyətlər – iti üzüklər, xətlər və mürəkkəb dizaynlar onların daha qabaqcıl məqsədlər üçün hazırlandığını göstərir.

Disklərdən üçü, xüsusilə, Qrenlandiyada və Baltik dənizi regionunda tapılmış Vikinq günəş kompaslarına bənzəyir. Günəş kompasları Vikinqlərin dənizdə uzun məsafələr qət etməsi üçün istifadə etdiyi əsas naviqasiya vasitələrindən biriolub. Bu cihazlar günəşin bucağını təyin edərək coğrafi istiqaməti müəyyən etməyə kömək edib.

Tədqiqatçılar hesab edir ki, Vikinqlər 8-9-cu əsrlərdə Baltik dənizi ətrafındakı ərazilərdə, o cümlədən indiki Ukrayna, Rusiya və Belarusiya ərazilərində məskunlaşaraq, öz naviqasiya texnologiyalarını yerli icmalara təqdim ediblər, bu disklər də həmin texnologiyaların bir hissəsi ola bilər.

Tədqiqatçılar bildirirlər ki, disklərin həqiqətən də günəş kompası kimi praktiki naviqasiya məqsədi daşıdığını təsdiqləmək üçün daha geniş araşdırmalara və arxeoloji təcrübələrə ehtiyac var. Bununla belə, onların səthindəki dizaynlar və oxşar Vikinq artefaktları ilə əlaqələr, bu ehtimalı gücləndirir.

Digər Kateqoriyalar

2025 © Azervoice