Əsas səhifə » ABŞ yanğınlarında ölümcül və nadir təbiət hadisəsi - yanğın tornadoları

ABŞ yanğınlarında ölümcül və nadir təbiət hadisəsi - yanğın tornadoları

Bakı, AzerVoice

Kaliforniya ştatında davam edən meşə yanğınlarında yanğınsöndürənlər təkcə alovlarla deyil, həm də nadir və təhlükəli bir fenomenlə — yanğın tornadoları ehtimalı ilə üz -üzədirlər.

AzerVoice xəbər verir ki , Milli Meşə Yanğın Koordinasiya Qrupu (NWCG) yanğın tornadosunu "yanğından qalxan, özü ilə tüstü, dağıntı və alov daşıyan, fırlanan isti hava və qaz buludu" kimi təsvir edib.

Yanğın tornadoları adətən güclü küləklər və yüksək temperatur ilə yaranır. Kaliforniyada bu cür təbiət hadisələri yanğınsöndürənlər üçün xüsusi risk yaradır. 2018-ci ildə Kaliforniyanın şimalında yerləşən Redding şəhəri yaxınlığında baş verən böyük bir yanğında yanğın tornadosu üç futbol meydançası ölçüsündə bir sahəni əhatə edib və bir yanğınsöndürənin həyatını itirməsinə səbəb olub.

Milli Hava Xidməti (NWS) xəbərdarlıq edib ki, Kaliforniyada mövcud quru hava şəraiti və güclü küləklər yeni yanğınların daha da sürətlə yayılmasına səbəb ola bilər. Meteoroloq Todd Hall bildirib ki, ekstremal hava şəraitində yanğın tornadolarının baş vermə riski artır.

Yanğın tornadosunun gücü, sürəti və fırlanma mexanizmi yanğınla mübarizə üçün istifadə olunan avadanlıqların — xüsusilə yanğın şlanqlarının da təsirli olmasına mane olur.

Qeyd edək ki, 2018-ci ildən bəri Kaliforniyada bir neçə dəfə yanğın tornadosu qeydə alınıb və mütəxəssislər bu cür təbiət hadisələrinin gələcəkdə daha çox baş verə biləcəyini proqnozlaşdırırlar. Həddindən artıq isti hava, güclü küləklər və quraq şərait bu fenomenin yaranmasına səbəb olan əsas faktorlardır.

Digər Kateqoriyalar

2025 © Azervoice