Bakı,AzerVoice
Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyalar üzrə müşaviri Con
Kirbi, Qəzzada atəşkəsə nail olmağa çox yaxın olduqlarını, lakin
bölgədə İsrailin hərbi əməliyyatları nəticəsində mülki itkilərin
qəbuledilməz səviyyəyə çatdığını bildirib.
AzerVoice xəbər verir ki, Vaşinqtondakı Xarici Mətbuat Mərkəzində çıxış edən Kirbi, Co Bayden administrasiyasının xarici siyasətinə dair hesabatı təqdim edərkən Qəzzada vəziyyətin hələ də çox kritik olduğunu vurğulayıb və atəşkəs danışıqlarının son mərhələyə çatdığını qeyd edib.
Kirbi Qəzzadakı mülki itkilərin sayının çox yüksək olduğunu etiraf etsə də, İsrailin HƏMAS terror təşkilatına qarşı özünümüdafiə hüququna sahib olduğunu müdafiə edib və bu kontekstdə ABŞ-ın İsrailə verdiyi dəstəyin vacibliyini vurğulayıb.
Con Kirbi çıxışı zamanı Qəzzada atəşkəsə nail olunması istiqamətində Dohada danışıqların davam etdiyini və razılaşmanın imzalanmaq üzrə olduğunu bildirib.
Kirbi bildirib ki, Bayden administrasiyası 20 yanvarda səlahiyyətlərini Donald Tramp administrasiyasına təhvil vermədən əvvəl atəşkəs razılaşmasını tamamlamaq istəyir.
Fələstin məsələsinin uzunmüddətli həllində iki dövlətli həll modelinin yeganə yol olduğunu vurğulayan müşavir, bu həll modelinin həm İsrailin, həm də Fələstinin təhlükəsizliyi və rifahı üçün ən yaxşı və dayanıqlı yanaşma olduğu ilə razılaşıb.