Əsas səhifə » Braziliyada məktəblərdə mobil telefon qadağası qüvvəyə minib

Braziliyada məktəblərdə mobil telefon qadağası qüvvəyə minib

Bakı,AzerVoice

Braziliyada məktəblərdə ibtidai və orta məktəblərdə mobil telefonlardan istifadənin qadağan edilməsinə dair qanun təsdiqlənib.

AzerVoice xəbər verir ki, Braziliya Prezidenti Luiz İnasio Lula da Silva bildirib ki, qanun həm dərs zamanı, həm də tənəffüslərdə mobil telefonlardan istifadəyə qadağa qoyur və artıq rəsmi olaraq qüvvəyə minib.

Lula da Silva qanunun zəruri olduğunu vurğulayıb və bu istiqamətdə bir çox ölkələrin bənzər təcrübələrə başladığını qeyd edib. Prezident bildirib ki, diqqəti yayındırdığı üçün özü də nazirləri və digər rəsmiləri telefonlardan istifadə etməməyə çağırıb.

Yeni qanuna əsasən, mobil cihazlardan məktəblərdə yalnız pedaqoji məqsədlər üçün və müəllimlərin nəzarəti altında istifadə edilə bilər. Bunun xaricində telefonlardan istifadə qəti şəkildə qadağandır.

Locomotiva İnstitutu və QuestionPro tərəfindən 2024-cü ilin oktyabr ayında aparılan sorğuya görə, braziliyalı valideynlərin 82%-i məktəblərdə mobil telefonların istifadəsinə qadağa qoyulmasını dəstəkləyir.

Qanunvericilər qeyd edirlər ki, bu tənzimləmə, xüsusilə uşaq və yeniyetmələrin sağlamlığına, həmçinin onların təhsil prosesinə mobil cihazların mənfi təsirlərini azaltmaq məqsədi daşıyır. Mobil telefon qadağası 20 dekabr 2024-cü ildə Konqres tərəfindən qəbul edilib və qısa müddət sonra Prezident tərəfindən təsdiqlənib.

Digər Kateqoriyalar

2025 © Azervoice