Bakı, AzerVoice
ABŞ-ın Los-Anceles şəhərində genişmiqyaslı yanğınlarla
mübarizədə Kaliforniya ştatından təxminən 400 Milli Qvardiya üzvü
yanğın bölgəsinə cəlb olunub.
AzerVoice xəbər verir ki,
Los-Ancelesin şerifi Robert Luna, keçirilən mətbuat konfransında
yanğınların yaratdığı ağır nəticələr barədə danışıb. O, şəhərin
müxtəlif bölgələrində yanğın səbəbindən beş nəfərin həyatını
itirdiyini təsdiqləyib və ölənlərin sayının artmasından narahat
olduqlarını bildirib.
Los-Anceles Yanğınsöndürmə Xidmətinin rəhbəri Entoni Marrone isə bildirib ki, hazırda ən ciddi yanğın Eaton yanğınıdır və bu yanğın artıq 14,000 akr əraziyə yayılıb. Marrone əlavə edib ki, indiyədək 5000-dən çox bina ya zədələnib, ya da tamamilə məhv olub.
Yanğınların səbəbi hələ də müəyyən edilməyib. Yanğınların qəsdən törədilməsi sübut olunarsa, buna görə məsul şəxslərin ittihamla üzləşə biləcəyi bildirilib.
Qeyd edək ki, Los-Anceles rəsmiləri yanvarın 7-də şəhərin dəbdəbəli məhəllələrindən birində baş verən yanğınların 6 ayrı sahədə davam etdiyini və hazırda yanğında 5 nəfərin həlak olduğunu açıqlayıb. Yanğınların səbəbləri hazırda araşdırılır, lakin rəsmi mənbələr havanın quraq və küləkli şəraitinin alovun sürətlə yayılmasına səbəb olduğunu qeyd edirlər.