Əsas səhifə » Mask Almaniyaya nüvə enerjisinə keçməyi məsləhət görüb

Mask Almaniyaya nüvə enerjisinə keçməyi məsləhət görüb

Bakı, AzerVoice

Amerikalı milyarder və "Tesla" şirkətinin qurucusu İlon Mask Almaniyanı nüvə enerjisindən istifadəni genişləndirməyə çağırıb.

AzerVoice xəbər verir ki, İlon Mask bu fikrini Almaniya üçün Alternativ Partiyasının (AfD) lideri Alis Vaydel ilə "X" sosial platformasında keçirdiyi açıq müzakirə zamanı bildirib.

"Mən Almaniyanın nüvə enerjisinin payını əhəmiyyətli dərəcədə artırmasını düzgün hesab edirəm. Bu, ölkə üçün əla olardı", – Mask deyib.

Mask Almaniyanın Rusiyadan gələn qazın kəsilməsinə cavab olaraq nüvə elektrik stansiyalarını bağlamaq qərarını sərt şəkildə tənqid edib.
"Almaniyanın Rusiya qazını kəsdikdən sonra atom elektrik stansiyalarını bağladığını görəndə bunun tamamilə dəlilik olduğunu düşündüm. Bu, indiyə qədər gördüyüm ən çılğın şeylərdən biridir", – Mask bildirib.

Milyarder nüvə enerjisini ən təmiz və ən etibarlı enerji mənbələrindən biri kimi xarakterizə edib. Müzakirə zamanı AfD lideri Alis Vaydel də nüvə enerjisinə güclü dəstəyini ifadə edib və ölkəsinin enerji siyasətində səhvlərə yol verildiyini vurğulayıb.

Qeyd edək ki, Almaniyanın son üç nüvə reaktoru 2023-cü ilin aprelində həmişəlik istismardan çıxarılıb. Almaniya hökuməti enerji böhranı səbəbindən reaktorların fəaliyyət müddətini müvəqqəti uzatsa da, sonda nüvə enerjisindən tamamilə imtina etmək qərarına gəlib.

Digər Kateqoriyalar

2025 © Azervoice