Bakı,
AzerVoice
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp İsrailin baş naziri
Benyamin Netanyahuya qarşı sərt tənqid və təhqirlər ehtiva edən
mübahisəli videonu Truth Social sosial media platformasında
paylaşıb.
AzerVoice xəbər verir ki, videoda
iqtisadçı ekspert Cefri Saks Netanyahunu ABŞ-ın xarici siyasətini
manipulyasiya etməkdə və Orta Şərqdə “sonsuz müharibələr”
başlatmaqda ittiham edib.
Saks bildirib ki, Netanyahu 1995-ci ildən etibarən Həmas və
Hizbullah kimi təşkilatlara qarşı mübarizədə onların dəstək aldığı
İraq, Suriya və İran hökumətlərini devirməyi yeganə həll yolu kimi
görüb.
“Netanyahu bizi sonsuz müharibələrə sürükləyərək, ABŞ-dakı İsrailyönlü lobbi sayəsində istədiyini əldə edib”, – Saks videoda qeyd edib.
Trampın bu videonu paylaşmaqda əsas məqsədinin nə olduğu rəsmi olaraq açıqlanmasa da, bəzi analitiklər bunun Netanyahunun siyasətinə olan narazılığın göstəricisi olduğunu bildirir.
Qeyd edək ki, Tramp daha əvvəl Netanyahu və İsrail hökumətinə dəstək verməkdə çox aktiv olub. Lakin son aylarda Trampın İsrail rəhbərliyi ilə münasibətlərində gərginlik yaranıb. Tramp, xüsusilə, Qəzza zolağındakı məhbusların 20 yanvarda keçiriləcək andiçmə mərasimindən əvvəl azad edilməməsinin Yaxın Şərqdə ciddi problemlərə səbəb ola biləcəyini xəbərdar etmişdi.