Bakı,AzerVoice
İran nüvə proqramını müzakirə etmək və istənilən narahatlığı aradan qaldırmaq üçün qərb ölkələri ilə yeni danışıqlara hazır olduğunu bildirir.
AzerVoice xəbər verir ki, Tehran yanvarın 13 və 14-də İsveçrənin Cenevrə şəhərində Böyük Britaniya, Almaniya və Fransa ilə danışıqlar aparmalıdır.
Həmin danışıqların gündəmində İranın olduqca mübahisəli nüvə proqramı, eləcə də müxtəlif digər məsələlər var.
“Bu danışıqlar dekabrda üç Avropa ölkəsi və Aİ-nin xarici siyasət nümayəndəsi ilə apardığımız danışıqların davamıdır. Regional məsələlər, Aİ ilə ikitərəfli əlaqələr və nüvə problemi də daxil olmaqla geniş mövzular müzakirə olunacaq”, - deyə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmail Bəqayi deyib.
Bazar ertəsi Fransa prezidenti Emmanuel Makron deyib ki, Tehranın uranı zənginləşdirməsi “geri dönüşü olmayan nöqtəyə yaxınlaşır”. Fransa lideri 2015-ci ildə İranla imzalanmış nüvə sazişindəki avropalı tərəfdaşlarına xəbərdarlıq edib ki, heç bir irəliləyiş əldə olunmazsa, sanksiyaların bərpasını nəzərdən keçirsinlər.
İran Xarici İşlər Nazirliyi Parisi yeni danışıqlardan əvvəl “qeyri-konstruktiv” adlandırdığı yanaşmasına yenidən baxmağa çağırıb.
“Nüvə sazişi üzrə öhdəliklərini yerinə yetirməkdən imtina edən və İsrailin nüvə silahı əldə etməsində böyük rol oynayan bir hökumətin həqiqətə uyğun olmayan iddiaları aldadıcı və proyektivdir”, - deyə Baqeyi bildirib.