Bakı,
AzerVoice
Çad və Seneqal hökumətləri Fransa prezidenti Emmanuel Makronun
Afrikaya dair alçaldıcı açıqlamalarına sərt reaksiya veriblər.
AzerVoice xəbər verir ki, Makron,
Fransanın Sahel bölgəsində terrorla mübarizədə verdiyi hərbi
dəstəyə görə Afrika liderlərinin təşəkkür etmədiyini
bildirmişdi.
Çadın Xarici İşlər Naziri Abderaman Koulamallah Makronun çıxışını tənqid edərək, Fransanın Afrika xalqlarına hörmət etməyi öyrənməli olduğunu vurğulayıb. O qeyd edib ki, Çad xalqı tam müstəqillik və güclü dövlət qurmaq arzusundadır. Çad hökuməti noyabrda Fransa ilə hərbi müqavilələrini ləğv edib.
"Əgər İkinci Dünya Müharibəsində afrikalı əsgərlərin töhfələri olmasaydı, Fransa bu gün də Almaniyaya məxsus olardı." - deyə Seneqalın baş naziri Ousmane Sonko sərt cavab verib.
Sonko əlavə edib ki, Seneqal Fransanın hərbi varlığının sona çatması qərarını tam müstəqil şəkildə qəbul edib və bu məsələdə Fransa ilə heç bir məsləhətləşmə aparılmayıb.
Çad və Seneqal rəsmiləri Fransanın Afrikada əsasən öz maraqlarını qoruduğunu, Afrikanın inkişafına isə real dəstək vermədiyini bildiriblər. Koulamallah vurğulayıb ki, Birinci və İkinci Dünya Müharibələrində Afrika əsgərlərinin Fransanın azad edilməsində böyük rolu olub, lakin bu fədakarlıq heç vaxt layiqincə tanınmayıb.
Fransa prezidentinin bu açıqlamaları Afrikada narazılığı daha da artırıb və Makronun Afrika siyasətinə ciddi tənqidlərə səbəb olub.