Bakı, AzerVoice
Avropa İttifaqı (Aİ) Şurasının 2024-cü il dekabrın 12-də qəbul
etdiyi qərara əsasən, dünəndən etibarən Bolqarıstan və Rumıniya
de-fakto Şengenə daxil edilib.
AzerVoice xəbər verir ki, Bolqarıstan və
Rumıniyanın Şengen zonasına üzv olması üçün uzun müddət müzakirələr
aparılıb. Bu müddət ərzində bəzi üzv dövlətlər, o cümlədən
Hollandiya, Macarıstan və Avstriya, müxtəlif səbəblər, əsasən
immiqrasiya və korrupsiya ilə bağlı narahatlıqlara görə, iki
ölkənin qoşulmasına mane olmuşdular. Lakin 2024-cü ilin mart ayında
Avstriyanın veto qərarını geri götürməsi ilə bu maneələr aradan
qalxıb və Bolqarıstanla Rumıniya əvvəlcə dəniz və hava yolu ilə
Şengenə qoşulub.
Qeyd edək ki, Bolqarıstan və Rumıniya 2007-ci ildən Aİ üzvüdür və Aİ Komissiyası artıq 2011-ci ildə bu iki ölkənin Şengen zonasına daxil edilməsinə hazır olduğunu bəyan etmişdi. Lakin o vaxtdan bəri siyasi və texniki səbəblərdən proses ləngimişdi.
Onu da qeyd edək ki, Şengen zonası, üzv ölkələrin sərhədlərində pasport yoxlanışını ləğv edərək vətəndaşlar arasında sərbəst hərəkəti təmin edən Avropa İttifaqının vacib birgə layihəsidir. Hal-hazırda Şengen, Aİ-yə üzv olan 27 ölkədən 25-ni, eləcə də Aİ-yə daxil olmayan, lakin iştirak edən Lixtenşteyn, İslandiya, Norveç və İsveçrəni əhatə edən 29 ölkəni əhatə edir.