Bakı,AzerVoice
Belçikada keçirilən son seçkilərdən sonra koalisiya hökumətinin
qurulması danışıqları, iqtisadi islahatlarla bağlı fikir ayrılığı
səbəbindən yenidən dalana dirənib.
AzerVoice xəbər verir ki, Yeni Flaman
Alyansının (N-VA) lideri Bart De Veverin təklif etdiyi
sosial-iqtisadi islahat paketi, Vooruit partiyasının 500-ə yaxın
düzəliş tələbi ilə qarşılanıb. Xüsusilə, işsizlik müavinətlərinin
məhdudlaşdırılması və sosial yardımlarla bağlı təkliflər ciddi
etirazlara səbəb olub.
Qeyd edək ki, Belçikanın ÜDM-in 4,5%-i həcmində büdcə kəsiri var.
Avropa İttifaqının tələblərinə uyğun olaraq bu göstərici 3%-dən
aşağı olmalıdır. Lakin tərəflər qənaət siyasəti ilə bağlı razılığa
gələ bilmir. De Veverin sözlərinə görə, hər saniyə dövlət borcuna
508 avro əlavə olunur.
Federal sistemin mürəkkəbliyi və bölgə hökumətləri arasındakı fərqliliklər hökumət qurulmasını çətinləşdirir. İyun ayından bəri davam edən danışıqlar dəfələrlə nəticəsiz qalıb.
Hökumətsizlik ölkə büdcəsinə ağır təsir göstərir və sosial problemləri dərinləşdirir. Uzunmüddətli siyasi həll tapılmadıqca Belçikanın iqtisadi sabitliyi təhlükə altında qalır.