Bakı, AzerVoice
Sudan hökuməti Qida Təhlükəsizliyi Faza Təsnifatının (IPC) ölkədəki
qida təhlükəsizliyi vəziyyətini "aclıq" kimi xarakterizə edən
hesabatını tənqid edib və onun reallığı əks etdirmədiyini
bildirib.
AzerVoice xəbər verir ki, Kənd
Təsərrüfatı Naziri Əbu Bəkr Ömər əl-Büşra, digər yüksək səviyyəli
hökumət rəsmiləri ilə birlikdə keçirilən mətbuat konfransında
hesabatın metodologiyasına və nəticələrinə dair ciddi etirazlar
səsləndirib.
Nazir Büşra IPC hesabatını şübhə altına alaraq qeyd edib ki, "Komitənin məlumat toplama və təhlil üsulları real vəziyyəti əks etdirmir." Onun sözlərinə görə, hesabatda ölkənin ərzaq təhlükəsizliyi ilə bağlı əsas məsələlər nəzərə alınmayıb.
Hesabatın yalnız 15 əyalətin məlumatlarını əhatə etdiyini və bu əyalətlərdən yeddisinin Sürətli Dəstək Qüvvələri (HDK) tərəfindən mühasirədə olduğunu qeyd edən Büşra, belə şəraitdə dəqiq araşdırma aparmağın mümkün olmadığını bildirib. O, Sudanın IPC üzvlüyündən çıxdığını elan edərək bəzi beynəlxalq təşkilatların "aclıq və qıtlıq" iddialarından ölkəyə müdaxilə üçün istifadə etdiyini iddia edib.
Xarici İşlər Nazirliyinin müşaviri Hüseyn əl-Əmin də hesabatın etibarlılığını şübhə altına alaraq, metodologiyadakı çatışmazlıqları tənqid edib. O, 2022-ci ildən etibarən yeni məlumatların toplanmadığını və HDK-nın mühasirəsində olan ərazilərdə əhalinin yerdəyişməsi kimi kritik amillərin nəzərə alınmadığını vurğulayıb.
Qeyd edək ki, IPC-nin dekabrın 24-də dərc etdiyi hesabatda Sudanda "misli görünməmiş aclıq böhranı" yaşandığı və əhalinin təxminən yarısının (24,6 milyon insan) qida çatışmazlığı ilə üzləşdiyi bildirilib. Hesabatda bu insanların 638 min nəfərinin "fəlakət" vəziyyətində olduğu və gələcəkdə daha çox bölgənin aclıq riski ilə üzləşəcəyi qeyd edilib.