Bakı,
AzerVoice
Çin və İran, İranın xarici işlər naziri Abbas Araqçinin Pekinə ilk
səfəri çərçivəsində Yaxın Şərqin böyük güclərin geosiyasi
rəqabətinin meydanına çevrilməməsi ilə bağlı ortaq mövqe ifadə
ediblər.
AzerVoicexəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən, İranın xarici işlər naziri Abbas Araqçi ilə çinli həmkarı Vanq Yi arasında keçirilən görüşdə regionda sabitlik və suverenliyə hörmət məsələləri vurğulanıb.
İki nazir Suriyadakı vəziyyətlə bağlı terrorla mübarizə, barışıq və humanitar yardım əməliyyatlarının dəstəklənməsi üçün beynəlxalq ictimaiyyəti konkret addımlar atmağa çağırıb.
Qeyd edək ki, Çin və İran, Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin tərəfdarları olaraq, Yaxın Şərqdə oxşar maraqları bölüşürlər. Pekin, həmçinin İranın ən böyük ticarət tərəfdaşı və onun neftinin əsas alıcısıdır.
Görüşdə həmçinin İranın nüvə proqramı ilə bağlı məsələlər də müzakirə edilib. Çin Xarici İşlər Nazirliyindən verilən açıqlamada, Pekinin İranın qanuni hüquq və maraqlarının qorunmasını dəstəklədiyi vurğulanıb.
Nazirlər Yaxın Şərqdə sabitlik və sülhün təmin olunmasının, beynəlxalq ictimaiyyətin və xüsusən də regiondan kənar güclərin məsuliyyətli davranışından asılı olduğunu bildiriblər.