Bakı,
AzerVoice
Panama Prezidenti Xose Raul Mulino, Panama kanalı ilə bağlı ABŞ ilə
heç bir danışıqlar aparmayacaqlarını açıqlayıb.
AzerVoice xəbər verir ki, həftəlik
mətbuat konfransında çıxış edən Mulino, kanalın statusunun müzakirə
mövzusu olmadığını vurğulayıb və ABŞ-ın yeni seçilmiş prezidenti
Donald Trampın kanalın idarəedilməsi ilə bağlı açıqlamalarına
reaksiya verib.
Mulino, "Panama kanalı Panamalılara məxsusdur və müzakirəyə açıq deyil. Bu kanal, ölkəmizin zəhməti, göz yaşları və fədakarlığı ilə əldə olunub," deyə bildirib.
Trampın sarkastik Milad mesajında "Panama kanalını Çin əsgərləri idarə edir" iddialarına cavab olaraq, Mulino, "Panama kanalına Çin əsgərləri müdaxilə etmir," deyərək bu iddiaları rədd edib.
Qeyd edək ki, Dekabrın 22-də Tramp, Panama kanalından istifadəyə görə həddindən artıq ödənişlər alındığını və kanalın düzgün idarə olunmadığı təqdirdə ABŞ-a qaytarılmasını tələb etdiyini bildirmişdi. Tramp, keçmiş prezident Cimmi Karterin kanalın idarəçiliyini Panamaya təhvil verməsini "səhv" olaraq qiymətləndirmişdi.
Mulino isə Trampa cavab olaraq, "Panama kanalı və ona bağlı bütün ərazilər Panamadır. Bizim dövlətimizin suverenliyi və müstəqilliyi bu əraziləri bizə məxsus edir və belə də qalacaq," deyə qeyd edib.