Bakı, AzerVoice
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Panama kanalının
ABŞ-a qaytarılmasını tələb edə biləcəyi ilə bağlı açıqlamaları
Panamada kütləvi etirazlara səbəb olub.
AzerVoice xəbər verir ki, Panama
xalqı, Trampın bəyanatını qətiyyətlə rədd edərək meydanlara axışıb,
onun plakatlarını və ABŞ bayraqlarını yandırıb.
Etirazlar ölkənin ən güclü həmkarlar ittifaqlarından biri olan İnşaat və Bənzər Sektorlarda İşçilərin Milli Həmkarlar İttifaqı (Suntracs) tərəfindən təşkil olunub. Nümayişçilər Panama parlamenti qarşısında toplaşaraq, Trampın bəyanatına etiraz edib və ölkənin prezidenti Xose Raul Mulinoya dəstək nümayiş etdiriblər.
Suntracs tərəfindən yayımlanan bəyanatda, "Donald Trampın təhdidlərini qətiyyətlə rədd edirik. Bu bölgə panamalılara məxsusdur və biz suverenliyimizi, həmçinin kanalımızı qorumaqda qərarlıyıq." - deyə bildirilib.
Etirazlara həmçinin beynəlxalq dəstək də gəlib. Kolumbiya prezidenti Qustavo Petro, Meksika prezidenti Klaudiya Şeynbaum və Venesuela hökuməti, Panama kanalının suverenliyinin qorunmasının vacibliyini vurğulayaraq , Murilloya dəstək mesajları göndəriblər.
Prezident Xose Raul Murillo sosial media hesabında minnətdarlığını bildirərək, "Bütün panamalılar adından müxtəlif dövlət başçılarına, keçmiş liderlərə, beynəlxalq təşkilat rəhbərlərinə və vətəndaşlara göstərdikləri həmrəyliyə görə təşəkkür edirəm. Panama Kanalı bu gün və həmişə dünya ticarətinə xidmət etməyə davam edəcək." - deyə bildirib
Qeyd edək ki, Tramp dekabrın 22-də verdiyi açıqlamada Panama kanalının idarəçiliyində problemlərin olduğunu iddia edərək, kanaldan istifadəyə görə yüksək ödənişlər tələb edilməsindən narazılığını ifadə edib. O, keçmiş prezident Cimmi Karterin kanalın idarəçiliyini Panamaya təhvil verməsini "səhv" adlandıraraq, bu qərarın ABŞ-ın maraqlarına uyğun olmadığını bildirib.
Prezident Murillo isə, "Vətəndaşlarım, prezident olaraq birmənalı şəkildə bəyan edirəm ki, Panama kanalı və onunla bağlı bütün ərazilər bizimdir. Kanalın hər kvadratmetri Panamaya məxsusdur və həmişə də belə qalacaq. Bizim dövlətimizin suverenliyi və müstəqilliyi müzakirə mövzusu ola bilməz." - deyə Trampa sərt cavab verib.