Bakı, AzerVoice
Çindən qaçmaq istəyənlər, İndoneziya üzərindən Avstraliyaya
keçməyə çalışırlar.
AzerVoice xəbər verir ki , bu barədə
İngiltərənin nüfuzlu qəzetlərindən The Guardian yazı dərc edib.
Guardian qeyd edir ki, bir çox çinli vətəndaş Si Cinpinin avtoritar idarəçiliyi və ölkənin iqtisadi vəziyyəti səbəbindən Çindən qaçmaq istəyir. Bu insanlar qaçış planlarını əsasən sosial media platforması Douyin (Çinin TikTok versiyası) vasitəsilə təşkil edirlər.
Senzuradan yayınmaq üçün şifrəli mesajlar və gizli qruplardan istifadə edən çinlilər əvvəlcə turist vizası alaraq İndoneziyanın Cakarta şəhərinə, ya da Bali və Sulavesi adalarına səyahət edirlər. İndoneziyadan sonra bəzi qaçqınlar Malayziya, Bruney və Şərqi Timor kimi ölkələrə keçirlər.
Bu ölkələrdən qaçaqmalçılarla anlaşma bağlayan çinlilər kiçik qayıqlarla Avstraliyaya keçməyə cəhd edirlər. Lakin bu səyahətlər çox vaxt təhlükəli və uğursuz olur.
Guardian-a danışan və özünü Paul olaraq təqdim edən bir indoneziyalı balıqçı, bu yaxınlarda qayıqları xarab olan və dənizdə qalan beş çinli mühaciri gördüyünü deyib. Daha sonra o, bu vəziyyəti polislərə xəbər verib.
Çinli mühacirlər İndoneziyanın Timor adasında keçirilən məhkəmə iclasında bildiriblər ki, Avstraliyaya keçmək üçün adam başına 5-7 min dollar ödəyiblər.
Paul isə qeyd edib ki, ona insan qaçaqmalçılığı üçün son zamanlar 1500 dollar təklif olunub.
Çinlilərin yeni qaçış marşrutu ilə bağlı ortaya çıxan hadisələr bölgədə həm hüquqi, həm də sosial problemlərə səbəb olur. Həm çinli mühacirlər, həm də bu əməliyyatlara qarışan qaçaqmalçılar ciddi risklərlə qarşılaşır, bir çoxlarının həyatı məhv olur.