Əsas səhifə » Türkiyənin Suriya sərhədində terrorla bağlı narahatlığı anlaşılandır - ABŞ

Türkiyənin Suriya sərhədində terrorla bağlı narahatlığı anlaşılandır - ABŞ

Bakı, AzerVoice

Ağ Ev, terror təşkilatı PKK/YPG-nin Suriya sərhədində fəaliyyət göstərməsi səbəbindən Türkiyənin terror təhlükəsi ilə bağlı narahatlığını başa düşdüyünü bildirib.

AzerVoice xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik üzrə Kommunikasiyalar müşaviri Con Kirbi mətbuat brifinqində bu məsələyə toxunaraq, Türkiyənin regionda mühüm bir rol oynadığını vurğulayıb.

Telekonfrans vasitəsilə jurnalistlərin suallarını cavablandıran Kirbi, keçmiş prezident Donald Trampın "Suriyanın açarı Türkiyənin əlindədir" ifadəsini xatırladıb. Kirbi , "Son 14 ildə olduğu kimi, Suriyada yaranacaq nəticədən asılı olmayaraq, türklərin burada mühüm oyunçu olduğu aydındır." - deyə bildirib.

Kirbi, ABŞ dövlət katibi Antoni Blinkenin bu səbəbdən Türkiyəyə səfər etdiyini və Suriya ilə bağlı bütün məsələlərin orada müzakirə olunduğunu qeyd edib. Terror təşkilatı PKK/YPG-nin yaratdığı təhlükə ilə bağlı isə, "Türkiyənin terrorçularla bağlı qanuni maraqları var. Suriya sərhədində real terror təhlükəsi mövcuddur və Türkiyə vətəndaşları bu fəaliyyətlərin qurbanına çevrilib. Bu narahatlığı anlayır və qəbul edirik. Türklərin bu mövzuda narahat olmasını günahlandırmaq doğru olmaz." - deyə vurğulayıb.

ABŞ rəsmiləri, Türkiyənin regional sabitlik və təhlükəsizlik məsələlərində mühüm bir mövqedə olduğunu vurğulayaraq, tərəflərin əməkdaşlığını davam etdirmək üçün dialoqun əhəmiyyətini qeyd ediblər.

Digər Kateqoriyalar

2025 © Azervoice