Bakı, AzerVoice
Pakistanın Daxili İşlər Nazirliyi təhlükəsizliyi təmin etmək üçün paytaxt İslamabada ordu hissələrinin yeridildiyini açıqlayıb.
AzerVoice xəbər verir ki, Geo TV telekanalının məlumatına görə, Pakistan ordusuna etirazçılara qarşı qətiyyətli davranmaq və lazım gələrsə, odlu silahdan istifadə etmək əmr olunub.
Həmçinin Müdafiə Nazirliyinə asayişi qorumaq üçün şəhərin istənilən bölgəsində komendant saatı tətbiq etmək səlahiyyəti verilib.
Qeyd edək ki, noyabrın 24-də müxalif Ədalət Uğrunda Hərəkat partiyası ümummilli etiraz aksiyasına başlayıb. Onlar respublika konstitusiyasına oktyabrda edilən düzəlişlərin ləğvini, fevralda keçirilən parlament seçkilərinin nəticələrinə yenidən baxılmasını və siyasi məhbusların, o cümlədən partiyanın qurucusu və sabiq baş nazir İmran Xanın azadlığa buraxılmasını tələb edirlər.
Etirazçıların artıq İslamabada daxil olduğu bildirilir. Onlar hazırda əsas hökumət binalarının, məhkəmə və qanunvericilik institutlarının yaxınlığında yerləşən "Di-Couk" meydanının bir neçə kilometrliyindədir.