Bakı. AzerVoice
Rusiya prezidenti Vladimir Putin bildirib ki, ölkəsinin heyətinə BMT-nin Bakıdakı İqlim Konfransında (COP29) Baş nazir Mixail Mişustin rəhbərlik edəcək.
AzerVoice xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bir
neçə gün sonra Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən
il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul
edilib.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer
Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin
qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of
Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan
olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.