Bakı, AzerVoice
2023-cü ildə Macarıstanın Türk Dövlətləri Təşkilatı (TDT) ölkələri ilə ticarət dövriyyəsi 5 milyard dolları ötüb.
AzerVoice-un məlumatına görə, bunu baş nazir Viktor Orban Bişkekdə TDT Dövlət Başçıları Şurasının 11-ci iclasında çıxışı zamanı deyib.
Baş nazir Orban, həmçinin, Macarıstanın Türk İnvestisiya Fonduna 100 milyon dollar ayırmaq öhdəliyini yerinə yetirməyə başladığını qeyd edib:
“Ümid edirik ki, türk dövlətlərindən getdikcə daha çox şirkət
Macarıstana sərmayə qoyacaq və biz də sizin iqtisadi yüksəlişinizdə
daha çox iştirak edəcəyik”.
Baş nazir əlavə edib ki, bu il TDT-yə üzv ölkələr Macarıstanın
enerji təhlükəsizliyinin təmin edilməsinə əvvəlkindən daha çox
töhfə veriblər.
“Macarıstan Türkiyədən təbii qaz tədarük edən ilk qonşu olmayan ölkə oldu və Azərbaycandan təbii qazın ilk partiyası da ölkəyə çatdırıldı", - Orban deyib.
Baş nazir xatırladıb ki, Macarıstan TDT ölkələrinin liderlərini gələn ilin birinci yarısında Budapeştdə keçiriləcək növbəti qeyri-rəsmi sammitdə gözləyir.