Bakı. AzerVoice:
Rəsmi Kampala Qəzzada “soyqırımın qarşısının alınması” üçün Beynəlxalq Ədalət Məhkəməsində Cənubi Afrikanın tələb etdiyi bütün müvəqqəti tədbirlərə etiraz edən Uqandalı hakim Julia Sibutendenin mövqeyini rədd etdi və bu mövqenin “ölkəni təmsil etmədiyini” bildirdi.
AzerVoice-nin xəbərinə görə, bu haqda Uqandanın Birləşmiş Millətlər Təşkilatındakı Daimi Nümayəndəsi Adonia İbare "X" sosial media hesabında deyib.
O qeyd edib ki, hakimin Beynəlxalq Ədalət Məhkəməsindəki qərarı Uqanda hökumətinin Fələstindəki vəziyyətlə bağlı mövqeyini təmsil etmir.
Qeyd edək ki, 26 yanvar tarixində Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) Cənubi Afrika Respublikasının İsrailə qarşı qaldırdığı “soyqırım” işi üzrə müvəqqəti tədbirlər tələbi ilə bağlı qərarını açıqlayıb. Məhkəmə İsrailin mühakimə olunacağını bildirib və İsraildən bir ay ərzində hesabat təqdim etməyi tələb edib.