Əsas səhifə » Yapon şirkətləri türk tərəfdaşlarla işləmək istəyir - Bolat

Yapon şirkətləri türk tərəfdaşlarla işləmək istəyir - Bolat

BAKI, AzerVoice

Yapon şirkətləri üçüncü ölkələrdə türk tərəfdaşlarla əməkdaşlıq etmək istəyirlər.

AzerVoice xəbər verir ki, Türkiyənin Ticarət naziri Ömər Bolat Yaponiyanın Osaka şəhərində keçirilən EXPO 2025 sərgisi çərçivəsində açıqlamasında yapon şirkətlərinin Türk podratçı firmalarla üçüncü ölkələrdə ortaq layihələr həyata keçirmək istədiyini bildirib.

Bolat qeyd edib ki, Yaponiya mühəndisliyi və maliyyə imkanları ilə Türk şirkətlərinin yüksək keyfiyyətli istehsalat və işçilik təcrübəsi birləşərək böyük uğurlar gətirə bilər. O, Fatih Sultan Mehmet və İstanbul Boğaz körpülərini bu əməkdaşlığın nümunəsi kimi göstərib. Nazir əlavə edib ki, Səudiyyə Ərəbistanı, İraq, Ukrayna və Suriya kimi ölkələrdə ortaq layihələr üçün yeni imkanlar var. Türkmənistanda isə artıq iki böyük layihə üzrə tərəfdaşlıq müqavilələri imzalanıb.

Dünya ticarətində yaranan qeyri-müəyyənliyə toxunan Bolat, ABŞ-ın tətbiq etdiyi yüksək gömrük rüsumlarının qlobal bazarlarda sabitliyi pozduğunu və qiymət artımlarına səbəb olduğunu bildirib. O vurğulayıb ki, Türkiyə bütün diplomatik və iqtisadi imkanlardan istifadə edərək mövqeyini qorumağa çalışır.

Nazir Bolat xidmət ixracının da Türkiyə iqtisadiyyatında strateji rol oynadığını qeyd edərək, 2023-cü ildə ümumi ixracın 40 faizinin xidmət sektorundan gəldiyini bildirib. O, THY ilə turizm, logistika, proqram təminatı, təhsil və səhiyyə turizminin ön plana çıxdığını və Yaponiya ilə bu sahələrdə əməkdaşlıq potensialının yüksək olduğunu deyib.

Bolat ABŞ-a ixracda 10 faizlik gömrük rüsumunun ləğv edilməsini istədiklərini və bu məsələnin may ayında Vaşinqtonda keçiriləcək TİFA görüşündə gündəmə gətiriləcəyini də əlavə edib.

Suriya ilə iqtisadi inteqrasiyanın əhəmiyyətinə toxunan Bolat, embarqoların qaldırılması və xarici dəstəyin artırılması ilə bu ölkənin tez bir zamanda bərpa edilə biləcəyini bildirib.

EXPO 2025-də Türk Milli Günü çərçivəsində keçirilən tədbirdə çıxış edən Bolat qeyd edib ki, Türkiyə ilə Yaponiya arasında ticarət həcmi 2023-cü ildə 5,4 milyard dollara çatıb və Yaponiya şirkətləri Türkiyədə əsasən infrastruktur, enerji və maliyyə sahələrində 3,1 milyard dollar sərmayə qoyub. O, EXPO iştirakının iki ölkə arasında əlaqələrin daha da gücləndirilməsi üçün önəmli bir addım olduğunu bildirib.

Qeyd edək ki, Türkiyə ilə Yaponiya arasında uzun müddətdir müzakirə olunan İqtisadi Tərəfdaşlıq Müqaviləsi çərçivəsində 12 min 500 məhsul üzərində iş aparılır. Danışıqlar davam edir və tərəflər razılığa gəlməyə hazırdırlar.

Digər Kateqoriyalar

2025 © Azervoice