BAKI, AzerVoice
Türkiyə ilə Suriya arasında ticarət və iqtisadi əməkdaşlıqda yeni dövr başlayır.
AzerVoice xəbər verir ki, Türkiyənin ticarət naziri Ömər Bolat Suriyaya səfəri zamanı iki ölkə arasında iqtisadi əlaqələrin sürətlə genişləndirilməsi istiqamətində konkret planlar təqdim edib.
Ticarət naziri Ömər Bolat rəhbərlik etdiyi nümayəndə heyəti ilə
Suriyanın paytaxtı Dəməşqdə keçirdiyi iki günlük təmasları
qiymətləndirib.
O, Suriyada yeni milli birlik hökumətinin qurulduğunu və bu
çərçivədə Türkiyə ilə iqtisadi-ticarət əlaqələrinin
genişləndirilməsinin prioritet olduğunu bildirib.
Nazir Bolat deyib ki, Türkiyə Suriyanın sabitliyini və inkişafını özünün də təhlükəsizliyi və rifahı üçün mühüm hesab edir. Görüşlərdə qarşılıqlı investisiyaların təşviqi və qorunması, ikiqat vergitutmanın aradan qaldırılması, bank sistemində əməkdaşlıq, türk banklarının Suriyada fəaliyyəti, Ro-Ro xidmətləri və gömrükdəki problemlərin həlli müzakirə olunub.
O bildirib ki, tərəflər arasında İqtisadi Tərəfdaşlıq Sazişinin hazırlanması üçün razılıq əldə olunub. Suriyanın iqtisadiyyatının dirçəldilməsi üçün nəqliyyat infrastrukturunun bərpası və xarici sərmayələrin cəlbi planlaşdırılır.
Bolat həmçinin Suriyanın özəl sektoru ilə türk sahibkarları arasında birgə layihələrin təşviqinə diqqət çəkib və qarşıdakı dövrdə bu sahədə yeni sənaye zonalarının yaradılacağını bildirib.
Qeyd edək ki, Suriyada 2024-cü ilin dekabrında baş verən siyasi dəyişikliklər nəticəsində yeni hökumət formalaşıb və ölkə vətəndaş müharibəsindən sonra iqtisadi və sosial stabilliyə doğru ilk addımlarını atır. Türkiyə isə bu prosesdə fəal tərəfdaş kimi iştirak edir.