Əsas səhifə » ABŞ ilə birbaşa danışıqlar mənasızdır - Əraqçi

ABŞ ilə birbaşa danışıqlar mənasızdır - Əraqçi

BAKI, AzerVoice

ABŞ ilə birbaşa danışıqlar mənasızdır.

AzerVoice xəbər verir ki, bu sözlər İranın xarici işlər naziri Abbas Əraqçinin verdiyi açıqlamada öz əksini tapıb.

“Həmişə hərbi gücdən istifadə etməklə hədələyən, BMT Nizamnaməsinə zidd mövqe tutan və ziddiyyətli fikirlər bildirən bir tərəflə birbaşa danışıqların heç bir mənası yoxdur” - deyə, Əraqçi bildirib.

Bu açıqlama İran prezidenti Məsud Pezeşkianın dünən verdiyi bəyanatdan sonra gəlib.

Xatırladaq ki, bundan əvvəl Pezeşkian bildirmişdi ki, İran ABŞ ilə bərabər əsasda dialoqa hazırdır.

Həmçinin oxuyun: İran geri addım atdı: ABŞ-la danışıqlar aparılacaq

Pezeşkian jurnalistlərə verdiyi müsahibədə ABŞ-ın şantaj siyasətinə də diqqət çəkmişdi.

“Əgər qarşı tərəf danışıqlar aparmaq istəyirsə, niyə hədələyir? Amerika bu gün təkcə İranı yox, bütün dünyanı təhqir edir” – deyə, o bildirib.

Digər tərəfdən isə, ABŞ prezidenti Donald Tramp cümə axşamı prezident təyyarəsində olarkən jurnalistlərin İranla dolayı danışıqlara münasibəti barədə sualına cavab verərkən birbaşa danışıqlara üstünlük verdiyini bildirmişdi.

“Mən əminəm ki, iranlı rəsmilər birbaşa danışıqlar istəyir, amma narahatdırlar, zəif görünürlər. Mən istəmirəm ki, onlar bu cür vəziyyətdə olsunlar” - deyə, Tramp bildirib.

Qeyd edək ki, qərb dövlətləri, xüsusilə ABŞ, illərdir İranı nüvə silahı əldə etməkdə ittiham edir. İran isə bu iddiaları rədd edərək, nüvə fəaliyyətlərinin yalnız mülki məqsədlərdə istifadə edildiyini bildirib.

2015-ci ildə İranla BMT Təhlükəsizlik Şurasının daimi üzvləri (ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya və Almaniya) arasında beynəlxalq nüvə sazişi imzalanmışdı. Saziş İranın nüvə proqramını məhdudlaşdırmaq müqabilində ona tətbiq olunan sanksiyaların aradan qaldırılmasını nəzərdə tuturdu. Lakin Trampın prezidentliyi dövründə, 2018-ci ildə ABŞ bu razılaşmadan birtərəfli qaydada çıxaraq İrana qarşı sanksiyaları bərpa etmişdi. Buna cavab olaraq İran da sazişin öhdəliklərinə əməl etməyi dayandırmış və nüvə proqramını sürətləndirmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice