BAKI, AzerVoice
ABŞ prezidenti Donald Trampa cavab məktubunda İran hakimiyyəti birbaşa danışıqlardan imtina edib.
AzerVoice xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian deyib.
O bildirib ki, birbaşa danışıqların aparılmayacağına baxmayaraq, vasitəçilərin köməyi ilə dialoqun davam etdirilməsi mümkündür.
"Bu cavabda iki tərəf arasında birbaşa danışıqlardan imtina edilməsinə baxmayaraq, dolayı danışıqlar yolunun mümkün olduğu qeyd edilib" - deyə Pezeşkiyan bildirib.
Xatırladaq ki, bu ay Tehran ABŞ Prezidenti Donald Trampdan nüvə sazişi ilə bağlı rəsmi məktub alıb. Lakin İranın ali lideri Ayətullah Əli Xamenei ABŞ-la danışıqların aparılmayacağını qeyd etmişdi.
“2015-ci il nüvə sazişini cıran biri ilə danışıqlar masasına oturmağın heç bir faydası yoxdur”, - deyə Xamenei bildirib.
Daha sonra isə Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts İranın nüvə proqramından tamamilə imtina etməsini tələb etmişdi.
"Biz açıq şəkildə demək istəyirik ki, hazırda Barak Obamanın və ya Co Baydenin administrasiyalarındakı "mən sənə, sən mənə" prinsipi artıq tətbiq olunmur. Məsələ bütövlükdə nüvə proqramı ilə bağlıdır. Ondan imtina edin, əks alda nəticələri pis olacaq", – deyə o bildirib.
Daha sonra isə, Tramp İranla nüvə proqramı üzrə razılaşmanın əldə edilməyəcəyi təqdirdə, İranı pis nəticələr gözləyəcəyini bildrimişdi.
"İran, müzakirə etmək istədiyim məsələlər siyahısındadır. İranla bir həll yolu tapmağı üstün tuturam. Amma həll tapılmasa, İran üçün pis nəticələr olacaq", - deyə Tramp bildirib.