Bakı, AzerVoice
Türkiyənin Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar, Türkiyədə neft hasilatının 2016-cı illə müqayisədə üç dəfə artdığını bildirib. O, Şırnağın Gabar bölgəsində gündəlik neft istehsalının 80 min barelə çatdığını açıqlayıb.
AzerVoice xəbər verir ki, Nazir bu fikirləri Türkiyə Gənclik Vəqfinin (TÜGVA) Ankara nümayəndəliyinin təşkil etdiyi “Ailə İftarı” proqramında çıxışı zamanı səsləndirib.
Bayraktar çıxışında qeyd edib ki, Türkiyə enerji sahəsində xaricdən asılılığa son verərək tam müstəqil enerji siyasəti yürütməyi qarşısına məqsəd qoyub. Onun sözlərinə görə, bu məqsədlə 2016-cı ildə “Milli Enerji və Mədən Strategiyası” hazırlanıb və yeni yanaşmalara üstünlük verilib.
Bayraktar bildirib ki, Qara dəniz və Aralıq dənizində axtarış işləri artıq icarəyə götürülmüş xarici gəmilərlə deyil, Türkiyənin özünə məxsus "Fatih", "Yavuz", "Kanuni" və "Abdülhamid Han" adlı qazma gəmiləri ilə aparılır. Nazir əlavə edib ki, bu gəmilər vasitəsilə ölkə təxminən 12 kilometr dərinliyə qədər sondaj işləri həyata keçirə bilir və dünyanın ən müasir enerji donanmasına sahib ölkələrindən birinə çevrilib.
Bayraktar həmçinin qeyd edib ki, Yunanıstan və Kipr Administrasiyasının dəniz səlahiyyət sahələri ilə bağlı irəli sürdüyü iddialar səbəbindən bəzi xarici şirkətlər Aralıq dənizində Türkiyə ilə əməkdaşlıq etməkdən imtina ediblər. Buna baxmayaraq, Türkiyə öz mühəndislərinə və texniki heyətinə güvənərək enerji sahəsindəki milli iradəsini davam etdirir.