Əsas səhifə » Milli birlik ən böyük gücümüzdür - Bahçeli

Milli birlik ən böyük gücümüzdür - Bahçeli

BAKI, AzerVoice

Çanaqqala zəfəri yalnız hərbi qələbə deyil, həm də Türk millətinin milli birlik və həmrəyliyinin simvoludur.

AzerVoice xəbər verir ki, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli 18 Mart Şəhidləri Anma Günü və Çanaqqala Dəniz Zəfərinin 110-cu ildönümü münasibətilə yazılı açıqlama yayıb.

Bahçeli açıqlamasında Çanaqqalanın təkcə bir coğrafi məkan deyil, eyni zamanda Türk xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsinin mühüm döyüş meydanı olduğunu bildirib. O, qeyd edib ki, 110 il əvvəl Çanaqqalada baş verən döyüşlər millətin güclü iradəsinin və vətən sevgisinin təzahürü olub.

"Bizi getdiyimiz yoldan döndərə bilməyəcəklər. Düşmənsiz Türkiyəni qazananların övladları terrorsuz Türkiyəni quracaq. Çanaqqala zəfəri sadəcə bir döyüşün deyil, eyni zamanda müstəqillik və milli iradənin qələbəsidir."

Bahçeli vurğulayıb ki, Türk milləti tarix boyu milli kimliyinə və dövlətinin varlığına qarşı yönələn bütün təhdidlərə qarşı mübarizə aparıb və bu gün də eyni əzm və qətiyyətlə yoluna davam edir.

"Türkiyə vətənini müdafiə edərkən heç kimdən mənşəyi, məzhəbi və etnik mənsubiyyəti soruşulmadı. Türk milləti bir oldu, bir ürək oldu və canı bahasına torpaqlarını qorudu. Bu birlik və həmrəylik anlayışı bu gün də bizim üçün əsas prinsipdir."

MHP sədri bəzi qara təbliğatların və çirkin kampaniyaların milli birlik və həmrəyliyə zərər vermək məqsədi daşıdığını qeyd edib. Lakin o vurğulayıb ki, bu cür cəhdlər heç vaxt uğur qazanmayacaq.

"Türk millətinin Çanaqqala dastanı ürəklərdə yaşadıqca, vətənpərvər şəxsiyyətlər olduğu müddətcə daxili və xarici işğal cəhdləri heç bir nəticə əldə edə bilməyəcək."

Sonda Bahçeli 18 Mart Şəhidləri Anma Günü və Çanaqqala Dəniz Zəfərinin 110-cu ildönümündə vətən uğrunda canından keçən şəhidlər yad edərək, başda Qazi Mustafa Kamal Atatürk olmaqla, bütün qəhrəman əcdadlara rəhmət diləyib.

Digər Kateqoriyalar

2025 © Azervoice