Əsas səhifə » Türkiyə-Ukrayna münasibətlərinin genişlənməsini müzakirə etdik - Bolat

Türkiyə-Ukrayna münasibətlərinin genişlənməsini müzakirə etdik - Bolat

BAKI, AzerVoice

Türkiyə və Ukrayna arasında ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni addımlar müzakirə olunub.

AzerVoice xəbər verir ki, Türkiyənin ticarət naziri Ömər Bolat, Ukraynaya səfəri çərçivəsində Prezident Vladimir Zelenski, Ukraynanın baş naziri Denis Şmıqal və digər rəsmi şəxslərlə görüşlər keçirib. Görüşlər zamanı iki ölkə arasındakı ticarət dövriyyəsinin 10 milyard dollara qədər artırılması və Ukraynanın bərpasında Türkiyə şirkətlərinin aktiv iştirakına dair məsələlər müzakirə olunub.

Bolat qeyd edib ki, Türkiyə şirkətləri həm müharibə dövründə, həm də müharibədən əvvəl Ukraynanın infrastrukturunun möhkəmləndirilməsinə töhfə verib. Prezident Zelenski isə yaxın zamanda Ukrayna tərəfindən Sərbəst Ticarət Sazişinin təsdiqlənəcəyini və bunun ticarət əlaqələrinin daha da güclənməsinə təkan verəcəyini bildirib.

Nazir Bolat Ukraynanın Baş nazirinin müavini Aleksey Kuleba ilə görüşü zamanı bərpa və regional inkişaf məsələlərinin prioritet olduğunu vurğulayıb. Türkiyə şirkətləri Ukrayna ilə həm ticarət, həm də investisiya sahəsində əməkdaşlığı davam etdirməyə hazırdır.

Qeyd edək ki, Türkiyə və Ukrayna arasında əməkdaşlıq yalnız iqtisadi deyil, həm də humanitar sahələri əhatə edir. Nazir Bolat, Ukrayna qaqauz türklərinin ictimai rəy liderləri ilə görüşdə onların iki ölkə arasında körpü rolunu qorumasının vacibliyini qeyd edib.

İki ölkənin Bərpa İşçi Qrupunun Memorandumunun imzalanması barədə razılığa gəldiyini bildirən Bolat, Türkiyə şirkətlərinin Ukraynanın sabit və firavan gələcəyinə inandığını vurğulayıb.

2024-cü ilin sonuna qədər Türkiyə və Ukrayna arasındakı ticarət dövriyyəsinin 6,2 milyard dollara çatdığı və Türkiyənin Ukraynaya yatırımlarının ümumi həcminin 3,5 milyard dollar olduğu qeyd edilib.

Bolat bildirib ki, Türkiyə-Ukrayna əməkdaşlığı regiondakı çağırışlara tab gətirəcək və hər iki ölkə üçün strateji əhəmiyyət kəsb edir.

Digər Kateqoriyalar

2025 © Azervoice