Bakı, AzerVoice
"Bu, çox önəmli addımdır. Amma bu addım hələ Suriyanın bir
dövlət olması üçün artıq hər şeyin öz həllini tapması anlamına
gəlmir".
AzerVoice xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında
siyasi şərhçi Rufiz Hafizoğlu Suriyanın yeni hökumətilə kürdlərdən
ibarət SDQ arasında əldə olunan razılaşmanı şərh edərkən deyib.
Rufiz Hafizoğlu bildirib ki, uzun danışıqlardan sonra nəhayət rəsmi Dəməşqlə PKK-nın Suriya qolu olan Suriya Demokratik Qüvvələri (SDQ) arasında razılaşma əldə olundu:
"Bu ölkə tarixində çox önəmli hadisədir. Bugünkü Suriya
hökumətinin qarşısında bir çox problemlər var. Həmin problemlərdən
biri odur ki, Suriya hökumətinin ayaqda qalması üçün məhz hazırda
kürdlərin nəzarət etdiyi ərazilərə nəzarət etməsi vacibdir. Çünki
bu bölgə həm neft baxımından zəngindir, həm də əkinçilik, kənd
təsərrüfatı üçün münbit ərazilərdir".
Ekspert qeyd edib ki, razılaşma əldə olunsa da, SDQ daxilində bu
məsələdə hələlik fikir birliyi yoxdur:
"SDQ daxilində "rəhbərliyin" imzaladığı razılaşmağa qarşı çıxanlar da var. Bunun müxtəlif sosial şəbəkələr və ərəb mediasında şahidi olduq. Hətta həmin ərazilərdə Suriya bayrağının qaldırılmasını qadağan edən görüntülər də var".
Həmsöhbətimiz bildirir ki, hazırda Suriya üçün ən önəmli məsələ beynəlxalq aləmdə legitimlik məsələsidir:
"Addım çox mühümdür. Burada İsrail faktoru da var. Təl-Əviv
kürdləri öz müttəfiqləri elan etmişdi. Amma bu o demək deyil ki,
Suriyanın bir dövlət olması üçün artıq hər şey öz həllini tapıb.
Ölkə rəhbərliyi qarşısında bir çox başqa problemlər də var. Əsas
olan beynəlxalq aləmdə legitimlik problemidir. Əsədin dövründə
ölkəyə qarşı tətbiq olunan sanksiyalar geniş miqyasda hələ aradan
qaldırılmayıb. Suriya digər ərəb ölkələrindən fərqli olaraq etnik
cəhətdən daha fərqlidir. Burada kürd, ərəb, türkmənlərlə yanaşı,
məzhəbi azlıqlar, druzlar, ələvilər də yaşayır. Suriya ərazisində
əcnəbi döyüşçülər məsələsi də qalmqdadır. Artıq Suriya hökuməti
onlarla bağlı məsələni qaldırmağa çalışır. Ümumi götürdükdə
Suriyada qismən normallaşma prosesi başlayıb. Amma bu heç də həmin
prosesin asan, problemsiz keçəcəyini söyləməyimizə əsas
vermir".
Rufiz Hafizoğlu Azərbaycanın Suriya məsələsinə həssas yanaşmasını
bir zamanlar bu ölkənin türk dünyasına qarşı yönəlmiş ASALA və
digər terror təşkilatının mərkəzinə çevrilməsilə əlaqələndirir:
"Bu gün isə həmin terror təşkilatlarının yuvası dağılır. Ona görə Azərbaycan üçün də Suriya yetərincə önəmli mahiyyət kəsb edən ölkədir".
Qeyd edək ki, kürdlərdən ibarət Suriya Demokratik Qüvvələri rəsmi Dəməşqlə mülki və hərbi strukturların dövlət institutlarına inteqrasiyası ilə bağlı müqavilə imzalayıb. Sənədə ölkənin şimal-şərq hissəsinin sərhəd keçid məntəqələri, aeroportlar, neft mədənlərinin mərkəzə tabe etdirilməsi də daxildir.