Əsas səhifə » İran ABŞ ilə danışıqlar aparmayacaq - Xamenei

İran ABŞ ilə danışıqlar aparmayacaq - Xamenei

Bakı, AzerVoice

İran ABŞ-la danışıqlar aparmayacaq, çünki Vaşinqton yalnız öz maraqlarını düşünür.

AzerVoice xəbər verir ki, bunu İranın Ali Rəhbəri Ayətulla Əli Xamenei deyib.

"Bəzi qeyri-səmimi hökumətlər danışıqları problemləri həll etmək üçün deyil, öz maraqları üçün aparır. İran İslam Respublikası onların bu gözləntilərini əsla doğrultmayacaq", – deyə Xamenei bildirib.

Bu sözlər, ABŞ Prezidenti Donald Trampın İranın nüvə proqramı ilə bağlı danışıqlar aparmaq təklifi ilə göndərdiyi məktuba cavab olaraq səsləndirilib.

Xamenei Qərbin ikili standartlarını tənqid edərək, bunu bəşəriyyət üçün bir utanc adlandırıb.

"Bir tərəfdən, İkinci Dünya müharibəsi zamanı nasist Almaniyasının cinayətlərini tanıyır, digər tərəfdən isə İsrailin Qəzzada törətdiyi cinayətləri inkar edirlər", – deyə İran lideri vurğulayıb.

Xatırladaq ki, dünən Donald Tramp Truth Social sosial şəbəkəsində paylaşım edərək, İran lideri Xameneiyə nüvə proqramı ilə bağlı danışıqlar aparmaq təklifini əks etdirən bir məktub göndərdiyini açıqlamışdı.

İranın Xarici İşlər Naziri Abbas Araqçi verdiyi açıqlamada, Tehranın ABŞ-la heç bir danışıqlara başlamayacağını və Tramp administrasiyasının İrana qarşı "maksimum təzyiq" siyasəti apardığı müddətcə bu mövqeyini dəyişməyəcəyini vurğulayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice