Əsas səhifə » Fələstin torpaqları müzakirə mövzusu deyil - Türkiyə XİN

Fələstin torpaqları müzakirə mövzusu deyil - Türkiyə XİN

Bakı, AzerVoice

Fələstinlilərin böyük fədakarlıqlarla qoruduqları torpaqlar müzakirə mövzusu deyil.

AzerVoice xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Hakan Fidan Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində keçirilən G20 Xarici İşlər Nazirləri İclasının "Qlobal Geosiyasi Vəziyyət" mövzusunda olan iclasında çıxış edərkən deyib.

Fidan bildirib ki, ədalətli və daimi sülh fələstinlilərin torpaqlarından qovulması ilə təmin edilə bilməyəcək.

Fidan, dünyada baş verən münaqişələrin son dövrlərdə daha uzunmüddətli, dağıdıcı və genişmiqyaslı olduğunu bildirərək, milyonlarla insanın yerlərindən köçürülməsi, humanitar yardım sistemlərinin həddindən artıq yüklənməsi və iqtisadi çətinliklərin yaratdığı qlobal kövrəkliklərin davam etdiyini vurğulayıb.

Eyni zamanda, süni intellekt və robot texnologiyaları sahəsindəki sürətli inkişafların dünyanı yenidən formalaşdırdığını bildirən Fidan, çox tərəfli qurumların dəyişən güc dinamikaları qarşısında təsirli qalmaq üçün mübarizə apardığını qeyd edib.

"Birləşmiş Millətlər Təhlükəsizlik Şurası, son dərəcə qütbləşmiş bir qlobal mühitdə sülh və təhlükəsizliyi qoruma məsuliyyətini yerinə yetirə bilmir" - deyə o bildirib.

O bildirib ki, İki dövlətli həll, çoxdan gecikmiş olsa da, daimi sülhə aparan yeganə yol olaraq qalırm və bu həllin həyata keçirilməməsi münaqişəni davam etdirəcək.

Bundan əlavə Hakan Fidan, Suriyadakı son vəziyyətin ümidverici olduğunu da qeyd edib. O, Suriyada əhatəli və təmsilçi bir keçid dövrünə doğru mühüm addımlar atıldığını bildirib.

Ukraynada diplomatiyanın "yeganə yol" olaraq qaldığını vurğulayan Fidan, Türkiyənin bir tərəfdən diplomatik həllə dəstək verdiyini, digər tərəfdən isə Ukraynanın suverenliyi və ərazi bütövlüyünü müdafiə etməyə davam etdiyini qeyd edib.

Afrikanın siyasi, iqtisadi, sosial, təhlükəsizlik və humanitar sahələrdə mühüm sərmayələrlə Türkiyənin xarici siyasətində əsas sütunlardan birinə çevrildiyini deyən Fidan, Afrikanın artan qlobal təsirini məmnuniyyətlə qarşıladıqlarını və Türkiyənin Afrika İttifaqı ilə strateji tərəfdaşlığına sadiqliyini bir daha təsdiqlədiyini bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice