Bakı,
AzerVoice
Birləşmiş Millətlər Təşkilatının (BMT) Livan üzrə Xüsusi
Koordinatoru (UNSCOL) Jeanine Hennis-Plasschaert və BMT-nin
Livandakı Müvəqqəti Sülh Qüvvələrinin (UNIFIL) rəhbəri general
Aroldo Lazaro İsrailin Livanın cənubundan çəkilmə prosesi ilə bağlı
birgə bəyanat yayıblar.
AzerVoice xəbər verir ki, bəyanatda İsrailin bölgədən çıxmasını gecikdirməsinin BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin pozulması olduğu vurğulanıb.
Bəyanatda qeyd olunur ki, İsrail ordusu Livanın cənubundakı yaşayış məntəqələrindən geri çəkilib, lakin bu prosesdə gecikmələr var. Livan ordusu çətin şərtlər altında həmin bölgələrə yerləşdirilib.
BMT rəsmiləri Livan hökumətinin cənub bölgələrində dövlət hakimiyyətini qorumaqda qərarlı olduğunu və sabitliyin pozulmaması üçün tərəflərin atəşkəs razılaşmasına əməl etməli olduğunu bildiriblər.
Qeyd edək ki, 27 noyabr 2024-cü ildə Livan və İsrail arasında
atəşkəs əldə edilib və razılaşmaya əsasən, İsrail ordusu 60 gün
ərzində Livanın cənubundan çıxmalı idi.
İsrail, Livan ordusunun bölgəyə tam nəzarət etmədiyini iddia edərək
işğal müddətini 18 fevral 2025-ci ilədək uzadıb.