Bakı,
AzerVoice
Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu
İsveçrənin Cenevrə şəhərində bir sıra beynəlxalq görüşlər
keçirib.
AzerVoice xəbər verir ki, o, Birləşmiş
Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının (UNECE)
Daxili Nəqliyyat Komitəsinin 87-ci Sessiyasında iştirak məqsədilə
Cenevrəyə səfər edib.
Uraloğlu Beynəlxalq Yol Federasiyasının (IRF) prezidenti Dimitris Mandalozis ilə görüşü barədə X sosial şəbəkəsində paylaşım edərək, "Beynəlxalq daşımaları dəyişdirəcək və inkişaf etdirəcək əsas amillər barədə fikir mübadiləsi apardıq. IRF ilə əməkdaşlığımızı və imkanlarımızı genişləndirməkdə davam edəcəyik" ifadələrini işlədib.
Nazir həmçinin İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzaneh Sadegh və rəhbərlik etdiyi nümayəndə heyəti ilə məhsuldar görüş keçirdiyini bildirib. O, nəqliyyat və logistika sahəsində əməkdaşlığın gücləndirilməsi, regional əlaqələrin artırılması və davamlı infrastruktur layihələrinin icrası mövzularını müzakirə etdiklərini vurğulayıb. “Ölkələrimiz arasında ortaq layihələr inkişaf etdirərək ticarət və nəqliyyat dəhlizlərimizi daha da gücləndirməkdə qərarlıyıq”, – deyə Uraloğlu əlavə edib.
Nazir İraqın nəqliyyat naziri Razzak Mheybis Acimi Əl-Sədavi ilə də görüşdüyünü qeyd edərək, “İnkişaf Yolu Layihəsi başda olmaqla, ölkələrimiz arasında əməkdaşlığı artırmaq məqsədimizi davam etdirəcəyik”, – deyə bildirib.
Bundan əlavə, Uraloğlu UNECE-nin icraçı katibi Tatyana Molcean ilə də ikitərəfli görüşlər keçirdiyini və davamlı nəqliyyat, regional əməkdaşlıq, eləcə də logistika infrastrukturunun gücləndirilməsi məsələlərini müzakirə etdiklərini açıqlayıb. O, “Nəqliyyat dəhlizlərinin genişləndirilməsi, xüsusilə İnkişaf Yolu Layihəsi ilə bağlı birgə səylərimizi qiymətləndirdik. UNECE ilə əməkdaşlığımızı gücləndirməyə davam edəcəyik” sözlərini əlavə edib.