Bakı, AzerVoice
ABŞ Prezidenti Donald Tramp Qəzza ilə bağlı qalmaqallı açıqlamalarını təkrarlayıb.
AzerVoice-un məlumatına görə, İordaniya Kralı II Abdullah ilə görüşündə Qəzzanı ABŞ-ın yurisdiksiyası altına alacaqlarını bildirən Tramp, "Qəzzanı ələ keçirəcəyik və onu nəzarətimizdə saxlayacağıq," – deyə bəyan edib.
Tramp həmçinin, Qəzzadakı fələstinlilərin Misir və İordaniya kimi qonşu ölkələrə köçürülməsi planını xatırladaraq, Qəzzanın yaşayış üçün yararsız bir ərazi olduğunu və yenidən qurulmalı olduğunu təkrarlayıb.
"Orada satın alınacaq bir şey yoxdur. Oranı ələ keçirəcəyik və nəzarətimizdə saxlayacağıq. Nəhayət, bu layihəni həyata keçirərək Orta Şərqdə insanlar üçün çox sayda iş imkanı yaradacağıq. Məncə, bura bir almaz ola bilər", – deyə Tramp bildirib.
Digər tərəfdən, İordaniya Kralı II Abdullah, Trampın Qəzza ilə bağlı açıqlamaları qarşısında ehtiyatlı ifadələr işlədib və açıq mövqe bildirməkdən çəkinib.
Kral Abdullah, Səudiyyə Ərəbistanı və Misir də daxil olmaqla, bir sıra ərəb ölkələrinin fələstinlilər üçün hər kəsin xeyrinə olacaq bir planın necə həyata keçirilə biləcəyini müzakirə etdiklərini və bu görüşlərin nəticəsini gözləməyin vacib olduğunu vurğulayıb.