BAKI,AzerVoice
Danimarkanın Baş Naziri Mette Frederiksen bu gün (bazar ertəsi)
ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı satıl almaq
fikrinə cavab olaraq, “Qrenlandiya satılmır” deyib.
Frederiksen Brüsseldə Avropa İttifaqı liderlərinin qeyri-rəsmi
görüşü öncəsi "Qrenlandiya bu gün Danimarka Krallığının bir
hissəsidir. Torpağımızın bir parçasıdır və satılmır" –
deyə vurğulayıb.
Tramp daha əvvəl Qrenlandiyanı ABŞ-ın bir hissəsinə çevirmək istədiyini, hətta Danimarkanı onu təhvil verməyə inandırmaq üçün hərbi və ya iqtisadi gücdən istifadə ehtimalını istisna etmədiyini bildirmişdi.
Danimarkanın "Berlingske" və Qrenlandiyanın "Sermitsiaq" qəzetlərinin sifarişi ilə "Verian" agentliyi tərəfindən aparılan rəy sorğusuna əsasən, Qrenlandiya əhalisinin 85%-i ABŞ-ın bir hissəsinə çevrilmək fikrini rədd edib. Sorğuda iştirak edənlərin yalnız 6%-i ABŞ-a qoşulmağa müsbət yanaşdığını, 9%-i isə qərarsız olduğunu bildirib.
Kopenhagen Universitetinin siyasi elmlər üzrə professoru Kasper Möller Hansen " Qrenlandiyalılar amerikalı olmaq istəmirlər və bu sorğu bunu açıq şəkildə göstərir"-deyib.
Qrenlandiya hazırda tam suverenliyə nail olmaq üçün çalışır və müstəqillik məsələsi 6 aprelədək keçirilməsi planlaşdırılan yerli seçkilərin əsas mövzularından biri olacaq.
Sorğunun nəticələrinə görə, Trampın Qrenlandiya ilə maraqlanmasını sakinlərin 45%-i "təhlükə", 43%-i isə "imkan" kimi qiymətləndirib, 12%-i isə mövzu ilə bağlı heç bir fikir bildirməyib.