Bakı,
AzerVoice
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Hələb Baş Konsulluğunun
12 illik fasilədən sonra diplomatik fəaliyyətini bərpa etməsi
münasibətilə açıqlama verib.
AzerVoice xəbər verir ki, Cevdet Yılmaz sosial media hesabından paylaşdığı açıqlamada, ötən ay Dəməşqdəki səfirliyin yenidən açılmasını və bu gün Hələb Baş Konsulluğunda Türkiyə bayrağının zirvəyə qaldırılmasını tarixi bir addım kimi dəyərləndirib.
"Bu addım təkcə Türkiyə ilə Suriya arasında diplomatik əlaqələrin yenidən güclənməsini deyil, həm də regionun sülh, əmin-amanlıq və rifahına töhfə vermək əzmimizdən xəbər verir. Keçmişdə olduğu kimi, Suriyanın inkişafına və xalqının rifahına dəstək verməyə davam edəcəyik. Bu gün sülh və əmin-amanlıq hökm sürür. Bu proses həmçinin Türkiyədə yaşayan suriyalı qardaşlarımızın sağ-salamat, könüllü və şərəflə vətənlərinə qayıtmasını təmin edəcək. Türkiyə olaraq Suriyanın dünyaya yenidən açılması üçün üzərimizə düşəni etməyə qərarlıyıq." - deyə bildirib.
Vitse-prezident Hələb Baş Konsulluğunun yenidən açılmasının xeyirli olmasını arzulayaraq, Türkiyənin Suriyanın firavanlığı üçün səylərini davam etdirəcəyini vurğulayıb.