Əsas səhifə » Terrorla mübarizədə xalqın qalib gəlməsini təmin edəcəyik - Ərdoğan

Terrorla mübarizədə xalqın qalib gəlməsini təmin edəcəyik - Ərdoğan

Bakı, AzerVoice

Terrorla mübarizə Türkiyənin gələcəyi üçün ən böyük prioritetdir və 85 milyon insan birlikdə sülh və sabitlik üçün əl-ələ verməlidir.

AzerVoice xəbər verir ki , bu barədə Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan AK Partiyanın qrup toplantısında etdiyi çıxışda bildirib.

Ərdoğan qeyd edib ki, Suriyada YPG kimi terror təşkilatları bölgənin sabitliyinə ən böyük təhdiddir. O, YPG-nin Suriyanın təbii sərvətlərini qəsb etdiyini və əraziyə sabitlik gətirmək üçün Türkiyənin lazımi iradə və gücə sahib olduğunu vurğulayıb.

Qəzzada 15 aydır davam edən qırğınların dayandırılmasının bütün bölgədə sülh və sabitliyə böyük töhfə verəcəyini qeyd edən Ərdoğan, Türkiyənin atəşkəs danışıqlarını yaxından izlədiyini və müsbət nəticələrə ümid etdiyini bildirib.

Ərdoğan vurğulayıb ki, Türkiyə 40 ildən çoxdur davam edən terror probleminin səbəb olduğu yaraları sağaltmaq və ölkədə yeni, sülh dolu bir dövr başlatmaq istəyir. O, ölkədə etnik zəmində süni gərginlik yaratmağa çalışanların niyyətlərinin iflasa uğrayacağını qeyd edərək, "Türkiyəni parçalamaq istəyənlər bunun əksinə nail olmayacaq. Qalib gələn imperialistlər yox, bütün vətəndaşlarımız olacaq," - deyib.

Prezident Ərdoğan separatçı terror təşkilatlarının tamamilə darmadağın edilməsi üçün səylərin artacağını bildirərək, "Biz millət olaraq birlikdə qalib gələcəyik. Kürd, türk, türkmən, ərəb fərqi qoymadan, biz hər kəs üçün daha təhlükəsiz və sabit bir gələcək qurmaq istəyirik. Bu yolda imperialistlərin deyil, 85 milyon insan olaraq Türkiyə xalqının qalib gəlməsini təmin edəcəyik." - deyə o çıxışının sonunda qeyd edib.

Digər Kateqoriyalar

2025 © Azervoice