Bakı,AzerVoice
Türkiyə terrorizmdən azad yeni bir dövrə qədəm qoyaraq, sülh və
sabitlik yolunda qəti addımlarla irəliləyir.
AzerVoice xəbər verir ki, bu fikirləri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlett Bahçeli partiyasının qrup toplantısında çıxışı zamanı bildirib.
“Bu qanlı səhifə bağlanmalıdır. Terrorla heç bir sövdələşmə və ya danışıqlar ola bilməz, yalnız mübarizə aparmaq olar. PKK/YPG terror təşkilatı nə kürd qardaşlarımızın himayədarıdır, nə də varlığının təzahürü. Separatçı terrorizmin türk-kürd qardaşlığını qlobal miqyasda bıçaqlamaq cəhdləri indi uğursuzluğa düçar olub.” - deyə o vurğulayıb.
Bahçeli, illərdir Türkiyə ilə kürdlər arasında qan divarı hörməyə çalışan separatçıların məğlub olduğunu bəyan edib.
O, DEM heyətinin etdiyi təmasların müsbət nəticələr verdiyini vurğulayaraq, bu prosesdə Türkiyənin yeni dövrə qədəm qoyduğunu qeyd edib.
“Terror səddini qırmaq, separatizmin damarını kəsmək və milli birlik uğrunda mübarizə aparmaq vacibdir. Bu gün birlik və həmrəylik ruhunu gücləndirməyin, tarix və mədəniyyət zənginliyimizi birgə qorumağın vaxtıdır.” - deyə Bahçeli ifadə edib.
Suriyanın şimal-şərqindəki PKK/YPG terrorçularının Suriya hökumətinin çağırışlarına cavab verməli olduğunu və silahlarını yerə qoymalı olduqlarına da diqqət çəkən Bahçeli, əks halda Türkiyənin qonşu torpaqlardakı terror bataqlıqlarını məhv etməkdə tərəddüd etməyəcəyini bildirib.